logo
Bakıda “Güclü qadın, güclü cəmiyyət” şüarı altında yeni Aİ kampaniyasına start verildi

Bakıda “Güclü qadın, güclü cəmiyyət” şüarı altında yeni Aİ kampaniyasına start verildi

Bakıda “Güclü qadın, güclü cəmiyyət” şüarı altında yeni Aİ kampaniyasına start verildi Bakıda “Güclü qadın, güclü cəmiyyət” şüarı altında yeni Aİ kampaniyasına start verildi

Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd etmək məqsədilə “Güclü qadın, güclü cəmiyyət” şüarı altında xüsusi tədbirlə yeni kampaniyaya start verib.

Tədbirdə azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub və Polşanın Bakıdakı səfirliyinin “Görkəmli Polşa qadınları” adlı sərgisi nümayiş etdirilib. Bu kampaniyanın məqsədi 2025-ci il Beynəlxalq Qadınlar Gününün “fəaliyyəti sürətləndirmək” adlı əsas mövzusu ilə yanaşı, gender bərabərliyi və gender paritetinə doğru beynəlxalq tərəqqi haqqında məlumatlılığı artırmaqdır.

Salamlama nitqi ilə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Peter Michalko bildirib ki, gender bərabərliyinin artırılması daha güclü cəmiyyətə töhfə verir. O, vurğulayıb ki, Avropa İttifaqının sonuncu Gender Bərabərliyi Strategiyası gender əsaslı zorakılığa son qoymaq, gender stereotiplərinə meydan oxumaq, əmək bazarında gender boşluqlarını aradan qaldırmaq, iqtisadiyyatın müxtəlif sektorlarında bərabər iştiraka və siyasətdə gender balansına nail olmaq kimi məqsədləri ehtiva edir.

Aİ-nin maliyyələşdirdiyi çoxsaylı layihələr Aİ-Azərbaycan tərəfdaşlığı vasitəsilə həyata keçirilib və qadınlar və qızlar bu təşəbbüslərdən faydalanıblar. Tədbirdə iştirak edən bir neçə Aİ layihəsinin benefisiarları öz uğur hekayələrini bölüşərək, çətinliklərin öhdəsindən gəlmək üçün praktiki məsləhətlər veriblər.

Hüquqşünas, Azərbaycan Paralimpiya Komitəsinin idmançısı və komitənin İcraiyyə Komitəsinin üzvü Vüsalə Kərimova 15 yaşında aldığı zədədən sonra yerimə qabiliyyətini itirdiyini, lakin iradəsi və əzmkarlığı sayəsində həyatında böyük uğurlar qazandığını qeyd edib.

“Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli isə Bakı Dövlət Universitetində müəllimlik etdiyi zaman ANAMA-nın elanını gördüyünü və mina təmizləmə sahəsində fəaliyyətə başladığını bildirib.

“Atalar məktəbi” layihəsinin benefisiarı Araz Babayev Lənkəranda ata və uşaqların ailə bağlarının möhkəmləndirilməsi istiqamətində gördükləri işlərdən danışıb.

“EU4Lankaran” layihəsinin benefisiarı Rəftarə Şükürova qadınların kənd təsərrüfatı sahəsindəki fəaliyyətinin vacibliyini vurğulayıb və onların bu sahədə əldə etdikləri nailiyyətlərə diqqət çəkib.

Tədbirin digər maraqlı hissəsi Bakı və regionlardan olan 25 qadın rəssamın əl işlərinin nümayiş olunduğu “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub.

Sonda Peter Michalko qadın rəssamları təqdir edərək, qadınların səlahiyyətlərinin gücləndirilməsi və gender stereotiplərinin aradan qaldırılması istiqamətində yorulmadan çalışan benefisiar və tərəfdaşlara təşəkkür edib və onlara sertifikatlar təqdim olunub. Tədbirin sonunda diplomat bütün qonaqları birgə iftar süfrəsinə dəvət edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media