https://innews.media/uploads/news/2025-02/_innews_6646285644b9c7118594efebe_o.jpg
Bəzi sevgilər var ki, qarşılıq ummaz, gözlənti tanımaz. Həqiqi sevgi bəzən bir insanın xoşbəxtliyini öz xoşbəxtliyindən üstün tutmaqdır. Dostluqlar da belədir—bəzən kimsə uğur qazananda, biz ona təkcə dəstək olmaqla kifayətlənmirik sanki o uğurun bir parçası oluruq. O insanın yüksəlişi bizim də ruhumuzu ucaldır, özümüz qazanmışıq kimi sevinirik. Bu nə qısqanclıq tanıyan bir duyğudur, nə də eqoist gözləntilər daşıyır. Saf, təmiz və təmənnasızdır.
Bu şeir mənim təmənnasız sevdiyim bir yaxın dostuma həsr olunur. Onun uğuru mənim üçün elə öz uğurum qədər dəyərlidir. Qələbəsi məni qürurlandırdı, sevincini hisslərimdə yaşatdı. Mən də ona ən dəyərli mənəvi hədiyyəmi – sözlərimi, misralarımı bəxş etmək istədim. Çünki bəzən sözlər ən gözəl hədiyyə olur.
Bu hisslərlə doğan bu misralar da bir dostun uğuruna olan sevginin səsi olsun...
Sənin gözlərin bir ulduzlu gecə,
Qara, parlaq, bir dünya öz içində.
Vardır hər baxışında bir bilməcə,
Qəlbim də, dünyam da sən, sən biçimdə.
Sənin gülüşlərin sanki mələkdən,
Dünyamı işıqlandırar bir səslə.
Səndən özgə nə istərəm fələkdən,
Nə zövqü, gülüm səndən ayrı kəslə.
Ürəyin səmimiyyətdən, saf, təmiz,
Hər jestin könüldə əmin, amanlıq.
O gözəl gözlərindi dərin dəniz,
Anlayışın içimdə min rahatlıq.
Sözünlə dünyamı bəzə istərəm,
Gülüşün qəlbimdə bir ümid olsun.
Gözlərimdə bir ömür qal istərəm,
Həyatımın hər küncü sənlə dolsun.
Sən həm incə, həm də güclü çiçəksən,
Ətrin məst edibdi dünya, cahanı.
Sən bu dünyaya ən gözəl bəzəksən,
Varmı səndən gözəl hardadı, hanı?
Varlığın könlümə gözəl hədiyyə,
Möhtəşəm səsindi ömrümə hüzur.
Hər uğurun mənə özəl hədiyyə,
Hamısı dünyama ən qəşəng qürur.
Hər sənə baxanda qəlbim açılır,
Dərdlər unudulur üzünü görcək.
Gülüşünlə sanki günəş oyanır,
Ən gözəl duyğuyla bürünür ürək.
Qəlbinlə gözəlsən, ruhunla dünya,
Sən mənim canımda bir ayrı cansan.
Özün tər bənövşə, varlığın röya,
Nə yaxşı ki, mənim ömrümdə varsan.
Bu şeir, uğurun və dostluğun birləşdiyi o möhtəşəm anın ifadəsidir. Həyatda belə dostluqlar nadir rast gəlinən dəyərlərdir və bu cür duyğular ancaq saf qəlblərdə doğulur.
Aysel Aslanova
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 2 ci kurs tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin