logo
Rəqabət Məcəlləsi ilə bağlı Dəyirmi Masa

Rəqabət Məcəlləsi ilə bağlı Dəyirmi Masa

Rəqabət Məcəlləsi ilə bağlı Dəyirmi Masa Rəqabət Məcəlləsi ilə bağlı Dəyirmi Masa

İyulun əvvəlindən qüvvəyə minən Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi 18 ildən artıqdır ki, Azərbaycanın ictimai, siyasi, iqtisadi, hüquqi müstəvisində özünə- məxsus yer tutmuş, ictimai müzakirələrdə, parlament debatlarında,siyasi dairələrdə çox mübahisələrə səbəb olmuşdur. Məcəllənin qəbulu ilə ölkədə yeni rəqabət münasibətləri formalaşır, yeni düşüncə və həyat tərzi yaranır.

1992-ci ildən formalaşmağa başlayan antiinhisar qanunvericiliyi yeni mərhələyə qədəm qoymuşdur. Rəqabət Məcəlləsi, dövlətimizin rəqabət siyasəti, rəqabətin iqtisadi, hüquqi, fəlsəfi mahiyyəti və əhəmiyyəti haqqında geniş maarifçilik, məlumatlandırma kompaniyasının təşkili zəruridir. Bu məsələdə dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyəti institutları fəal iştirak edir, azad bazar münasibətlərinin yaranmasına ciddi köməklik göstərirlər.

“Hüqiqi Tədqiqatlar Mərkəzi” ictimai birliyinin (HTM) Azərbayan Respubıikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə birgə İbis Baku hotelində təşkil etdiyi  “Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” mövzusunda Dəyirmi Masa öz aktuallığı ilə seçilmişdir.

40 nəfərə qədər iş adamının, dövlət məmurunun, QHT və media nümayəndəsinin, hüquqşünasların və iqtisadçıların iştirak etdiyi Dəyirmi Masanı açan "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov tədbirin mahiyyəti, Məcəllənin əhəmiyyəti, əhalinin maarifləndirilməsində QHT-lərin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, ATİB – in, Azərbaycan İqtisadçılar İttifaqının rolundan danışmış, görülən işlər haqqında məlumat vermişdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev açılış nitqində dövlətimizin antiinhisar və rəqabət siyasətindən, Məcəllənin tətbiqi mexanizimindən, bu işlərdə bütün maraqlı tərəflərin-dövlət qurumlarının, sahibkararın, ictimai birliklərin sıx əlaqə və əməkdaşlıq etməsinin zəruriliyindən danışdı. Bütün qurumları rəqabət orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığa dəvət etdi.

Tədbirdə fəxri qonaq kimi iştirak edən Türkiyə Respublikasının Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Cahid Bağçı Türkiyə -Azərbaycan iqtisadi əlaqələrinin bu günki yüksək səviyyəsindən, qəbul edilən Məcəllənin iqtisadiyyatın inkişafında, investisiyanın cəlb edilməsində əhəmiyyətindən, Türkiyə Respublikasında rəqabət qanunvericiliyinin tətbiqindən danışmış, bir çox məsələlərdə Türkiyə təcrübəsindən istifadə edilə biləcəyini qeyd etmişdir.

ATİB-in İdarə heyətinin sədri Mürsəl Rüstəmov rəhbərlik etdiyi təşkilatın sahibkarlığın inkişafına göstərdiyi yardım, beynəlxalq təcrübənin öyrənilməsi, ölkəyə investisiya cəlb edilməsi prosesində və qanunvericiliyin təkminləşdirilməsində iştirakı haqda məlumat verdi. Belə tədbirlərin sahibkarların maarifləndiriməsi üçün vacibliyini qeyd etdi.

Dəyirmi Masaya moderatorluq edən hüquqşünas Aydın Kərimov Rəqabət münasibətlərinin tənzimlnməsində  Rəqabət Məcəlləsinin rolu, bir-birinə rəqib, əks olan bazar subyektlərinin və rəqabət orqanlarının fəaliyyətinin fəlsəfi mahiyyətini açmağa çalışdı, ziddiyyətli olanın xeyirliyə, dağıdıcı olanın qurucuya və inkişafa çevrilməsi mexanizmini izah etdi. Bunun üçün vahid şəbəkənin qurulması, rəqib maraqların uzlaşdırılması vacibliyini bildirdi.

“Haqsız rəqabətlə mübarizə iqtisadi inkişafın vacib amili kimi” mövzusunda çıxış edən Azərbaycan İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə təbiətdə və cəmiyyətdə mövcud olan rəqabət, təkamül və inkişaf yolu haqda məlumat verərək bildirdi ki, rəqabət iqtisadi və ictimai inkişafın əsas amilidir. Ancaq bu rəqabət haqsız, ədalətsiz, inhisarçı olmamalıdır. Haqsız rəqabət iqtisadiyyatın inkişafına, insanların inamına, dövlətin ədalətinə kölgə sala bilər.

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü Mübariz Yolçiyev  “Haqsız rəqabət: müqayisəli təhlil” mövzusunda danışaraq Rəqabət Məcəlləsinin əsas müddəalarını, gətirdiyi yenilikləri, izah  etdi. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində, o cümlədən Türkiyə Cümhiriyyətində qüvvədə olan rəqabət qanunvericiliyini müqaisəli şəkildə təhlil etdi. Xarici ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyini göstərdi.

Aktual məsələ - “Rəqabət mühiti və rəqəmsal inkişaf” mövzusunda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnnovativ  iqtisadi inkişaf və rəqəmsal transformasiya şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov müasir dövrdə rəqəmsal inkişafda rəqabətin, informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətini göstərdi. Rəqabətin innovativ tərəflərinə, elmi əsaslarına toxundu.

Tədbirdə iştirak edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin KOB mühitinin təkminləşdirilməsi şöbəsinin müdiri Altun Yasinli KOB-un fəaliyyəti, regionlarda həyata keçirilən tədbirlər, Rəqabət Məcəlləsinin qəbulunun kiçik və orta sahibkarlığa təsirindən danışdı. Sahibkarların bir çox hallarda inhisarçlıqla üzləşdiyini, haqsız rəqabətə məruz qaldığını önə çəkdi. Sahibkarların, xüsusilə kiçik sahibkarların və kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının üzləşdikləri problemləri qeyd etdi. Bununla bağlı təkliflərini bildirdi.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Rəqabət Məcəlləsinin düzgün, ədalətli, qanuna müvafiq və inkişafa yönəlmiş istiqamətdə tətbiq edilməyəcəyi halda onun sahibkarlara qarşı repressiv mexanizmə çevriləcəyindən narahat olduğunu bildirdi. Bu sahədə məhkəmələrin rolunun gücləndirilməsini, qanunvericiliyin təkminləşdirilməsini vacib saydı.

Sahibkar Rafiq Qarayev “Hüqiqi Tədqiqatlar Mərkəzi” ictimai birliyinin regionlarda təşkil etdiyi maarifləndirmə tədbirlərini alqışladığını, onlardan insanların faydalandığını, azad bazar münasibətlərinin düzgün anlaşılmasına kömək etdiyini vurğuladı. Arzu etdi ki, belə tədbirlər ölkəmizin bütün rayonlarını, əksər iş adamlarını əhatə etsin.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev iştirakçılarınqaldırdığı məsələlərə münasibətini bildirdi. onların suallarını cavablandırdı, belə görüşlərin effektini qeyd etdi. Bildirdi ki, dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı rəqabət bazarının düzgün formalaşmasına, insanların dövlət qurumlarına olan inamının artmasına kömək edir. Təmsil etdiyi qurumun belə əməkdaşlğa açıq olduğunu bildirdi.

Tədbirin sonunda çıxışlarda deyilən və keçiriən sorğu üzrə iştirakçıların təklifləri toplandı, iştirakçılara rəqabət qanunvericiliyi haqda normativ sənədlər paylandı xatirə şəkli cəkildi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin