https://innews.media/uploads/news/2024-02/_innews_5e14fbb76515cb9949579e16e_o.jpg
Gəncə Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin geniş tərkibdə iclası Məhkəmənin 2023-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi üzrə fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Cinayət Kollegiyasının hakimi Tahir Kazımov, Mülki Kollegiyasının hakimi Abiddin Hüseynov, Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədli, Gəncə Apellyasiya Məhkəməsinin sədri, sədr müavini, kollegiya sədrləri və hakimləri, habelə Gəncə Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.
E-huquq.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov iclası giriş sözü ilə açaraq əvvəlcə tədbir iştirakçılarını salamlamış, sonra iclasın gündəliyində duran məsələləri və 2023-cü ildə Gəncə Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sədr çıxışında Azərbaycan dövləti və xalqı üçün ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində davamlı tərəqqinin vüsət aldığı, ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunduğu, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi-hərbi qüdrətinin və iqtisadi potensialının əhəmiyyətli dərəcədə artdığı 2023-cü ildə məhkəmə-hüquq sistemimizin də uğurla inkişaf etdiyini, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi prosesinin davam etdirildiyini bildirib. Qeyd edib ki, bu sahədə görülən işlər sayəsində müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesi sürətlənmiş, məhkəməyə müraciət imkanları asanlaşdırılmış, məhkəmə icraatının effektivliyi artırılmış, məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.
Sədr 2023-cü ildə Gəncə Apellyаsiyа Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair statistik məlumatların əvvəlki illə müqayisəli təhlilini, habelə işlərə baxılması zamanı müəyyən olunan kobud qanun pozuntuları üzrə çıxarılmış xüsusi qərar və xüsusi qərardadlar, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması vəziyyəti, iş planına uyğun olaraq ümumiləşdirmələrin aparılması və nəticələri, məhkəmə aktlarının kassasiya qaydasında ləğv göstəriciləri və s. məsələlər barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rəhman Muradov, Cinayət Kollegiyasının sədri Rafiq Cəfərov, İnzibati Kollegiyasının sədri Rəşad Mamedov və Kommersiya Kollegiyasının sədri Şamil Rzaquliyev müvafiq kollegiyanın 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair hesabat məruzələrini təqdim ediblər.
Sonra Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Cinayət Kollegiyasının hakimi Tahir Kazımov, Mülki Kollegiyasının hakimi Abiddin Hüseynov və Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədli çıxış edərək Gəncə Apellyasiya Məhkəməsinin müvafiq kollegiyalarının 2023-cü ildəki fəaliyyəti və kassasiya icraatında baxılmış işləri barədə statistik və analitik məlumatları, kassasiya qaydasında baxılan işlər üzrə müəyyən olunmuş xarakterik pozuntuları, məhkəmə aktlarının kassasiya qaydasında ləğv edilməsi səbəblərini və formalaşmış məhkəmə təcrübəsindən kənarlaşma hallarını diqqətə çatdıraraq, nöqsanların aradan qaldırılması və məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması baxımından öz tövsiyə və təkliflərini bildiriblər.
İclas məruzə və çıxışlar ətrafında müzakirələr və faydalı fikir mübadiləsi ilə yekunlaşıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin