https://innews.media/uploads/news/2022-06/_innews_dc52d9e980a80a55b46022ee9_o.jpg
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Respublikanın Əməkdar artisti, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Afaq Abbasova bu günlərdə İtaliya Respublikasına 46 günlük qastrol səfərini başa vuraraq geri qayıtmışdır.
Mayın 4-dən iyunun 20-dək davam edən səfər müddətində Afaq xanım Cüzeppe Verdi adına Triyest Opera Teatrının səhnəsində İtaliyalı bəstəkar Ottorino Respiqinin 1908-ci ildə yazmış olduğu, lakin indiyə kimi səhnəyə qoyulmamış “ Al Mulino “ operasının dünya premyerasında baş rolu – Aniuski partiyasını çox böyük uğurla ifa etmişdir. Qeyd etmək lazımdır ki, təxminən bir il əvvəl – 2021-ci ildə bu operanı növbəti ildə səhnəyə qoymağı qərara alan Triyest Opera Teatrının rəhbərliyi baş rolun ifaçısını seçmək üçün dünyanın bir sıra aparıcı opera teatrlarında çalışan tanınmış vokalçıları dəvət etmişdi. Dinləmə və məşqlərin nəticəsi olaraq layihənin rəhbərləri Aniuski rolunun ifaçısı olaraq məhz Afaq Abbasovanın üzərində seçim etmişdilər.
Operanın dünya premyerasında Afaq xanımla yanaşı İtaliya və Yaponiyadan olan ən peşəkar vokalçılar iştirak etmişlər. Tamaşanın rejissoru Daniele Pispoko, dirijoru isə Fabrisio Da Rosdur. Bir aydan artıq davam edən gərgin məşqlərdən sonra nəhayət opera ulduzumuz iyunun 10-da dünya premyerasında səhnəyə çıxmış, daha sonra böyük uğurla növbəti premyera tamaşalarında çıxış etmişdir.
Afaq Abbbasova həmçinin İtaliya səhnəsində repertuarında olan daha bir tamaşada -R. Leonkavallonun “ Payatsı “ operasının tamaşasında da iştirak etmişdir. Nedda onun mükəmməl surətdə ifa etdiyi ən sevimli partiyalardan biridir və Afaq bu rolun da öhdəsindən bacarıqla gəlmişdir. (Tamaşanın rejissoru Viktor Qarsia Sierra, dirijoru Valerio Qallidir).
Hər iki tamaşada Afaq Abbasovanın ifası musiqişünaslar, tanınmış mədəniyyət xadimləri, teatr tənqidçiləri və İtaliyanın KİV-ləri tərəfindən yüksək qiymətə layiq görülmüş, tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Çıxışlarını başa vuraraq geri qayıdan Opera ulduzumuz qastrol səfəri zamanı Azərbaycanın İtaliyadakı səfirliyi vasitəsi ilə onu hərtərəfli qayğı və dəstəklə əhatə edən Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev fonduna dərin təşəkkürlərini bildirir.
Ən son xəbərləri səhifəmizdən də izləyin