https://innews.media/uploads/news/2023-10/_innews_647251ad49c431bf38cba9ae0_o.jpg
Əziz sələfləri Nəsir İmanquliyev və Şirməmməd Hüseynovun elm və ülviyyət mükafatını alan xələfləri – Cahangir Məmmədli və Akif Rüstəmov açılmamış dəfinənin xəzinəsi və inci saçan dilin yadigarlarıdır
Ziyalısız – müəllimsiz cəmiyyət qanadsız quşdur. Nə qədər çırpınsa da, var-gəl etsə də yerində sayan, heç bir inkişafa çatmaz canlıdır: sağ ikən ölü, var ikən yox kimidir.
Müəllim cəmiyyəti sonsuz səmalara qaldıran qoşa qanaddır. Bəndəni Allaha yaxınlaşdırmaq, pis işlərdən uzaqlaşdırmaq isə müəllimin həyat amalıdır. Platon demişkən: "Müəllimlik hər şeydən əvvəl Tanrı sənətidir". Demək ki, müəllim Allahın adamıdır. Tanrı bəndəsini düz yola çəkdiyi, səhvlərini bağışladığı kimi, müəllim də Yaradandan fərqli olaraq görünməz deyil, insanlar içərisində bu şərəfli missiyanı yerinə yetirir.
Cəmiyyətin pərsəng daşı olan müəllim məktəbdə 45, universitetdə 90 dəqiqəsini deyil – bütün ömrünü, həyatını, canının şirəsini, gözünün nurunu, qəlbinin odunu və ələlxüsus da bütün bilik və elmini (bundan qiymətli nəysə ola bilərmi?!) şagirdlərinə, tələbələrinə ötürür.
"Mənə bir hərf öyrədənin köləsi olaram" – deyən müsəlman dünyasının əzizi İmam Əlinin kəlamını xatırlayanda müəllim borcunun əvəzsiz olduğunu anlamış oluruq.
DÜNƏNİMİZ: Vaxtilə Şah babamız Xətai on dörd illik hakimiyyəti dövründə böyük Azərbaycan qurdu. Çünki ana dilinə, elmə, müəllim və ziyalıya sonsuz qayğı vardı.
BU GÜNÜMÜZ: Ali Baş Komandan İlham Əliyev bütöv Azərbaycan qurdu. Yenə də müstəqilliyin, qazandığımız zəfərin kökündə təhsil, elm, müəllim və ziyalıya verilən dəyər, qiymət dayanır.
Dövlətimizin, ölkəmizin, müstəqilliyimizin gücü ziyalılarında – müəllimlərində, onların milli-mənəvi ruhda yetişdirdiyi tələbələrindədir.
Yazının sonunda çoxlarının özünə qəhrəman bildiyi Prometeyi xatırlayaq. Çünki o da müəllim kimi canını oda atdı. Tanrıdan insanlıq və insanlar üçün od oğurladı. Bu odun alovuna illərdir bəşəriyyət qızınır.
Əgər mən də Tanrının yerini bilsəydim və Prometeyin imkanı məndə olsaydı, onda tərəddüdsüz müəllimlərimə dünya durduqca var olmaları üçün ölümsüzlük eliksiri oğurlayardım.
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin