https://innews.media/uploads/news/2023-08/_innews_b1c8bd9e067be02d6968fd52b_o.jpg
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsi tərəfindən 1-ci Beynəlxalq Proqramlaşdırma Düşərgəsi keçirilir.
11 avqustdan 19 avqusta qədər davam edəcək düşərgə “Huawei” şirkətinin brendlərindən birisi olan “Tech Arena”-nın əməkdaşlığı ilə həyata keçirilir.
Proqramlaşdırma düşərgəsi 2023-cü ilin noyabrında Misirdə keçirilməsi planlaşdırılan universitet komandaları arasında Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Finalında, eləcə də 2023-2024 “ICPC” mərhələsində iştirak üçün komandaları hazırlamaq məqsədi daşıyan turnirlər silsiləsi kimi nəzərdə tutulmuşdur.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin müəllimi Fuad Hacıyevin sədrlik etdiyi Beynəlxalq Təşkilat Komitəsinin rəhbərliyi ilə düşərgədə müxtəlif ölkələrdən kodlaşdırma həvəskarları və ekspertlər bir araya gəlib. Komitə üzvlərinə ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov və Universitetin müəllimi Mixailo Medvediyev, Bakı Mühəndislik Universitetindən Etibar Seyidzadə, Belarus Dövlət Universitetindən Vladimir Kotov, Gürcüstanın Proqramlaşdırmaya Dəstək Assosiasiyasından Teodor Zarkua və Qazaxıstan-Britaniya Texniki Universitetindən Alimjan Amanov daxildir.
Avgustun 12-də keçirilən açılış mərasimində çıxış edən Fuad Hacıyev qeyd edib ki, dünyanın müxtəlif guşələrindən olan gənc proqramlaşdırma həvəskarlarını bir araya gətirən ADA Universiteti bununla texnologiya sahəsində innovasiya və bilik mübadiləsini davamlı təşviq etdiyini bir daha təsdiq edir.
Belarus, Gürcüstan və Qazaxıstandan olan xarici iştirakçılarla birgə ADA Universiteti də daxil olmaqla ölkəmizin digər ali təhsil müəssisələrindən yerli iştirakçılar komandalar şəklində yarışacaqlar. Ümumilikdə 18 komanda şəklində 50 nəfərin iştirak edəcəyi düşərgədə həm də məşqçilərdən ibarət 2 komanda fəaliyyət göstərəcək.
Düşərgə zamanı altı müxtəlif gündə müsabiqələrin keçirilməsi nəzərdə tutulur. Düşərgənin proqramına müsabiqələrdən əlavə, Bakı şəhər turu, dəniz kənarına səyahət və asudə vaxtların əyləncəli keçirilməsi üçün futbol və voleybol oyunlarının təşkili daxildir.
Qeyd edək ki, “ICPC” kimi tanınan Beynəlxalq Proqramlaşdırma müsabiqəsi hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çoxmərhələli rəqabət yarışıdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin