logo
Emin Sabitoğlu əfsanəvi bəstəkar idi, duyğunu bizə not vasitəsilə keçirə bilirdi...

Emin Sabitoğlu əfsanəvi bəstəkar idi, duyğunu bizə not vasitəsilə keçirə bilirdi...

Emin Sabitoğlu əfsanəvi bəstəkar idi, duyğunu bizə not vasitəsilə keçirə bilirdi... Emin Sabitoğlu əfsanəvi bəstəkar idi, duyğunu bizə not vasitəsilə keçirə bilirdi...

Emin Sabitoğlu əfsanəvi bəstəkar idi, duyğunu bizə not vasitəsilə keçirə bilirdi...

Bu cümləni məqalənin sonunda da oxuyacaqsınız. Amma eyni təsirlə yox...

Bəstəkarın mahnılarının çoxu kino ekranlarından, teatr səhnəsindən eşidilib. O, ümumilikdə 22 tammetrajlı bədii filmin, 40-a yaxın qısametrajlı filmin musiqi müəllifidir. Ekranımızın "Gün keçdi”, "Dədə Qorqud”, "Ad günü”, "İstintaq”, "Bağlı qapı”, "Qaçaq Nəbi”, "Bəyin oğurlanması”, "Təhminə”, “Bizim Cəbiş müəllim” kimi məşhur filmlərinin, eləcə də neçə-neçə sənədli və televiziya filmlərinin bəstəkarı olan E. Sabitoğlu yaxın dostu Rasim Ocaqovun çəkdiyi bütün filmlərin musiqi müəllifidir. Filmlərin baxımlı və unudulmaz olması üçün bəstələnən musiqinin rolunu isə əsl kinomanlar çox gözəl bilir...

“Təhminə” (1993) çoxumuz bu filmi izləmişik. Hətta, izləməyənlər də, filmin mövzusuna bələddir. Mühafizəkar cəmiyyətdə qarşılaşan iki gəncin sevgisindən bəhs edir, “Təhminə”. Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb, rejissor Rasim Ocaqovdur. Film ərsəyə gələrkən daha da müasirləşdirilib və yeni fraqmentlər əlavə olunub. Zaur və Təhminənin saf eşqi izləyiciyə təqdim olunur. Zauru Fəxrəddin Manafov, Təhminəni isə türk aktrisası Meral Konrat ifa edib. Film təkcə mövzusu ilə deyil, həmdə bəstəkar Emin Sabitoğlunun əsərləri ilə də geniş tamaşaçı kütləsini qazanıb. Xüsusən də, filmin son səhnələrində Zaurun Təhminəyə əl qaldırmasından sonra, hər iki obrazın təəssüfü, incikliyi, kədəri sözün əsl mənasında nota yazılıb. Bəlkə də, o musiqi iki sevən gəncin ayrılıq notu oldu. O fraqmentdən sonra verilən musiqi bu gün də geniş auditoriya tərəfindən sevilir və dinlənilir.

Ölsəm bağışla... (1989) bu film hər hansı ssenaristin, yazıçının qələminin məhsulu deyil. Real hadisələrə əsaslanır. Qovuşa bilib, amma qovuşmayanların hekayəsidir. Bu filmi də Rasim Ocaqov səhnələşdirib. Film II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edir. Müharibədən qayıdan gənclərin arxada qoyduqları həyata yenidən qayıdıb adaptasiya olması filmdə çox yaxşı nümayiş olunur. Baş rolları Fəxrəddin Manafov (Yusif), Gülzar Qurbanova (Gülya) ifa ediblər. Müharibədən öncə Yusif və Gülya nişanlı olsalar da, artıq hər şey dəyişib. Gülya başqası ilə nişanlıdır. Bunu qəbul edə bilməyən Yusif öz sevgisi uğruna mübarizə aparır və Gülya ilə birgə qaçırlar. Amma tale onların qovuşmasının qarşısını alır. Yusif xaincəsinə qətl edilir. Nişanlı ola-ola sevdiyi ilə başqa yerə qaçan Gülya yalnız qalır. Tamaşaçı bu həqiqəti dərk etdiyi anda Emin Sabitoğlunun möhtəşəm bəstəsi eşidilir. Bəlkə də o notlar bizə Gülyanın gələcək taleyi haqqında düşünə bilmək üçün bəstələnib.

Park (1984) növbəti film ki, baş rolunda yenə də görkəmli aktyor Fəxrəddin Manafov (Marat) çəkilib. Görünür, rejissor Rasim Ocaqov Fəxrəddin bəylə, bəstəkar Emin Sabitoğlu da Rasim Ocaqovla işləməyi sevib. “Park” filmi rejissorun digər işləri qədər popular olmasa da, öz məzmunu ilə kifayət qədər insana toxunmağı və düşündürməyi bacarıb. Keçmişdə verdiyimiz qərarlar bizi gələcəyə yönəldir, yoxsa hər şey bir bumeranqdırmı? Hər şey dönüb-dolanıb yenə qarşımıza çıxır? Film tamaşaçını bu suallar ətarfında düşünməyə sövq edir. Digər baş rolları Mikayıl Kərimov (Rüfət) və Qalina Belyayeva (Vika) bölüşürlər. Filmin adı gələcəyə olan ümidi təmsil edir. Elə filmin musiqisini dinləyərkən də günümüzdə aktual olan bir çox məqamı hiss edə bilirik. Doğmalar arasında yadlaşma, həyatdakı haqsızlıqlar, yalnızlıq bəstədə çox peşəkar şəkildə əks olunub. Amma, bununla yanaşı, “Park”ın musiqisini dinləyəndə qeyd-şərtsiz gələcəyə ümidi olan insan canlanacaq göz qarşısında. Çünki film özü bunu deyir. Emin Sabitoğlu da hər bəstəsində olduğu kimi fikri tamaşaçıya not vasitəsilə ötürüb.

Ad günü (1977) filmi rejissor Rasim Ocaqov tərəfindən ekranlaşdırılıb. H. İsmayılov, Ş. Məmmədova, D. Uplisaşvili, Ş. Yusupova, E.Qasımov, F. Poladov kimi ölkəmizin sevilən aktyorlarını bir araya gətirən film həqiqi dostluqdan bəhs edir. Gündəlik həyat qayğıları, insanın xarakteri filmdə tamaşaçıya olduğu kimi təqdim edilir. Obrazlar sanki gündəlik həyatda qarşılaşa biləcəyimiz kəslərdir. Xüsusən də Hacı İsmayılovun canlandırdığı Mustafa obrazı bizə çox tanışdır. Çünki hər birimiz biraz da “Mustafa”yıq əslində. Filmin giriş hissəsində “mübarəkdir ad günü” replikasından sonra Emin Sabitoğlunun bəstələdiyi musiqi insanda çox fərqli duyğuları oyadır, sanki bir ümid, sevinc, işıq... Necə deyərlər, sabaha, çətinliklərin keçəcəyinə inam. Amma, yenə də həmin musiqi bu dəfə daha həzin notlarla Mustafanın gözləməyi fonunda verilir. Həmin an isə içimizdə bir nisgil, həsrət oyanır, çünki musiqi bizə gözlədiklərimizi, həsrətində olduqlarımızı xatırladır. Eynilə, Mustafa kimi. Bizdə onunla birgə gözləyirik nəyisə, kimisə... yenə də filmin sonunda rejissor bizə əvvəldəki ümidi itirməməyi xatırladır. Yenə də filmin giriş hissəsindəki inamla hər kəsin üzündə bir təbəssüm oyanır. Bəstəkar hər əsərində olduğu kimi bu bəstəsində də dinləyicinin qəlbinə yol tapmağı bacarır...

Gün keçdi (1971) “Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək.

Bahar həsrətiylə payız axşamı

Yenə həzin-həzin titrədi ürək....” bu sətirlərin ilk sözünü oxuduqdan sonra onu bir şeir parçası, nəzm əsəri kimi yox da, öz musiqisi, bəstəsi ilə səsləndirməyə başlayırıq. Emin Sabitoğlunun şedevr əsərlərinin biridir. Dahi sənətkarımız Flora Kərimovanın ifasında sevilən bu əsər “Gün keçdi” filminin musiqisidir. Filmin rejissoru Arif Babayev, baş rolları isə Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədovdur (Oqtay). Uşaqlıq illərində bir-birlərinə səmimi hissləri olan Əsmər və Oqtay artıq ayrıdırlar. Əsmərin ailəsi, qızları, öz çevrəsi var. Amma, sanki Əsmər üçün bir boşluq var. Filmdə iki aktyorun və rejissorun möhtəşəm işini izləmək olar. Təbii ki, Emin Sabitoğlu və Flora xanımın təkrarolunmaz parçasını da... İki köhnə aşiq illər sonra Bakını birgə gəzir. Biz bunu Əsmərin boşluğunu tapma mübarizəsi də adlandıra bilərik. Film tamaşaçıda sanki bu aşiqlər illər sonra yenidən qovuşacaq və bütün stereotipləri qıracaqmış kimi hiss yaranır. Amma, tam bu hissə qapılarkən, filmin sonunda onların artıq iki aşiq yox, öz həyat yolunu fərqli istiqamətlərdə tapan iki köhnə dost olduğunu həm tamaşaçı, həm də Əsmər anlayır. Artıq Əsmərin axtardığı boşluq da dolmuşdur. Musiqi tam bu anda bizim “təəsüffümüzü”, amma eyni zamanda onların həqiqətini üzümüzə vurur. Bu iki fikirlə baş başa qalırıq. Sanki uzun illərdir “belə olmasaydı, necə olardı” dediyimiz hadisənin “belə ola biləcəyi” şansı bizə verilir. Amma biz ən yaxşı seçimin bu olmadığını anlayırıq... Bax, dediyim təəssüf və həqiqət budur... Bəstəkar ilk notdan bizə fəsil yay da, yaz da olsa, payızı, yağışı hiss elətdirir. Məhz buna görə, Emin Sabitoğlu əfsanəvi bəstəkar idi. Duyğunu bizə not vasitəsilə keçirə bilirdi...

 

Leyla Həşimova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media