logo
Tanrıya agah, bəndəyə sirr

Tanrıya agah, bəndəyə sirr

Tanrıya agah, bəndəyə sirr Tanrıya agah, bəndəyə sirr

İnsanımıza qənim, torpağımıza yağı kəsilənlərin önünə hər zaman ədəbiyyat adamları "Dur ayağa, Azərbaycan!" – deyərək sözüylə çıxıb. Vətənin ayaqda qalmasını təmin edən igidlərimiz düşmən önünə siyirməqılıncla, silahla, sinəsini sipər edərək atılıb. Vətən sevgisi "İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan" – deyərək qılınca sarılıb "Azadlıq!!!.." hayqıran Babəkdən tutmuş, Ənvər Məmmədxanlının "azadlıq yanğısı"na kimi eyni müqəddəslik daşımış və bugünkü günə qədər də dəyişməz olaraq qalmışdır.

Müstəqilliyimizin ilk illərində Xalq yazıçısı rəhmətlik Sabir Əhmədli publisistikası, oğlu da silahı ilə düşmənə qarşı vuruşdu. Ara-sıra yazıçının qardaşı nəvələrilə söhbətləşir, yaxın keçmişi vərəqləyirik. Yazıçının şəhid oğlu Məhəmmədin Vətən sevgisi insan daxilində nə qədər qürur doğurursa, həyat yolu da bir o qədər adamı qəmə, qüssəyə salır. Şəhid Məhəmməd haqqında danışarkən yadıma 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni təxribatının qarşısını alarkən əbədiyyətə ucalan Şəhriyar Əlibəyli düşür. Beləki, o zaman Sabir Əhmədli oğlu Məhəmmədə doğum günü keçirmək istəyir. Bu məqsədlə hərbi hissəyə yollanır. Amma istəyinə nail olmur. Yazıçı geri qayıdanda "Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir" deyən oğlunun yas çadırının qurulduğunu görür. Şəhriyar Əlibəylini də evləndirmək istəyirlər. Valideynləri ondan "Toyunu nə vaxt edək, bala?" – deyərək soruşanda çox qısa cavab verir: "Bu ayın (oxu: fevral) 31-i". Azərbaycanın varlığı yolunda canını fəda edən bütün şəhidlərimizin həyat tarixçəsinə baxanda, keçdikləri yola nəzər salanda, fikirlərinə diqqət edəndə bir məqamın vəhdət halı görünür: intəhasız Vətən sevgisi və halalzadəlik... Həqiqətən də fevral ayı sözün bütün mənalarında – Məhəmmədə doğum günü, Şəhriyara toy qismət etməyəcək qədər soyuq ay imiş.

Ümumiyyətlə, şəhid ucalığında Tanrıya agah, bəndəyə sirri qalan çox məqamlar, nüanslar var. Bu mənada hər zaman şəhidlərimizin qəhrəmanlığını ədəbiyyat fədailərinin yaradıcılığı ilə eyniləşdirmişəm. Buna həm yerli, həm də xarici ədəbiyyat nümayəndələrini misal çəkə bilərəm. Məsələn, Kafkanın qısa ömrünü Tanrıya tez qovuşmaqda görür, onu çəkinmədən ədəbiyyat şəhidi adlandırardım. Onun "Qəsr" romanında K.-nın (şəxsi qənaətimdir: K. elə yazıçının özüdür) axtarışına çıxdığı yolu tamamlaya bilməməsi, sonradan əsərin Maks Brod tərəfindən çap olunmasını haqqın dərgahına qovuşan şəhidlərimizin qısa həyat yoluna, sonradan bu missiyanı onları sevənləri, daha doğrusu xalqı tərəfindən əbədi və əzəli yaşatmasında görürəm.

Bəxtiyar Vahabzadənin 20 Yanvarda general Dubinyakın üzünə tüpürməsi, Şəhriyar Əlibəylinin 5 martda erməni zabitlərini cəhənnəmə vasil etməsi xalqın namərdə və nanəcibə, ziyankar və zinakara qarşı barışmaz olduğunun isbatıdır, qorxmazlığıdır... Mundar düşmən Beyrəyin qanlı köynəyindən, Babəkin saralan rəngindən, Nəsiminin soyulan dərisindən belə qorxur... Hətta Cəbrayıl Dövlətzadənin çöhrəsindəki xoş təbəssüm, Xudayarın "Vətən yaxşıdır" ifasındakı xoş avaz belə düşməni ürküdür, canına vəlvələ salır... 

2020-ci ilin iyul ayında general Polad Həşimov şəhadətə ucaldı. Həmin ilin avqust ayında Polad Həşimov və Xalq şairi Xəlil Rza Ulutürkün vətəndaş fədakarlığını "Azadlıq şairi, azadlıq generalı və ya türkün iki ulusu" adlı yazıda canlandırmağa çalışdım.

Bu ilin beş martında şəhadətə ucalan Şəhriyar Əlibəyli və ədəbiyyatımızın Məmmədhüseyn Şəhriyar xatirəsini qələm haqqı, mənəvi borc bilərək "Qüzeyli-Güneyli Azərbaycanın layiqi-şəhriyarları" başlıqlı yazı hazırlayaraq qismən də olsa ödəməyə çalışdım... Azərbaycanın varlığı yolunda canını fəda edən hər iki Vətən övladı – general Polad Həşimov da, baş leytenant Şəhriyar Əlibəyli də Qəbələnin Vəndam kəndindəndir... Hər iki yazının əvvəli Azərbaycandırsa, sonu da Vəndamdır. Doğrusu, buna qismətmi deyim, taleyin işimi, əvvəldən yazılan alın yazısımı, bilmirəm... Ancaq bir məqam aydındır ki, yazıda adları çəkilən hər kəsin qəlbi Vətən eşqilə döyündü, həmin məhəbbətlə də dayandı... 

Şəhriyar Əlibəylinin Azərbaycana məhəbbəti Vətən sərhədlərindən başlayır, əngin səmalara qədər ucalırdı. Əlbəttə, şəhid adı geniş mənada Vətənin özüdür. Bu mənanı hissələrə böləsi olsaq, Vətənin ciyərimizə çəkdiyimiz havasında şəhid qoxusunu hiss edərik. Eləcə də məmləkətin suyu, odu şəhid ehsanıdır. Məhmət Akif Ərsoy "... Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı..." deyir. Həmin torpağın hər qarışı bizə şəhidlərin əmanətdir...

Əziz oxucu, yazı boyu bir neçə dəfə Şəhriyarın əbədiyyətə ucaldığı 5 mart tarixini əbəs yerə qeyd etmədim. Bu tarix təsadüfmü, ya zərurətmi, deyə bilmərəm. Ancaq bir məqamı tamlığı ilə diqqətinizə çatdırım. Şəhriyar Əlibəyli qarşısına Vətənin keşikçisi olmağı hədəf qoymuş, məqsəd seçmişdir. Bu təlimi, tərbiyəni o ailəsindən almışdır. Uşaq yaşlarından idmanla məşğul olurdu. Hərbi məktəbdə oxuduğu zamanlar çox az hallarda ailəsinin yanına gələn Şəhriyar dar macalda vaxt tapıb idmana gedər, bu sahəyə olan sevgisindən əl çəkməzdi. Həm də futbol azarkeşi idi. Vaxtının azlığına baxmayaraq "Qəbələ" futbol komandasının oyununa stadiondan azarkeşlik edəcək qədər geniş qəlb sahibi idi. Onun böyük ürəyinin son döyüntüsü də, məhz 5 marta – Bədən Tərbiyəsi və İdman Gününə təsadüf etdi.

Ən təsirli məqamı da qeyd edim: Şəhriyar Əlibəyli kursant yoldaşı Raqil Əmikişiyevin 2013-cü ildə işıqlı dünyadan vaxtsız gedişini qəbul edə bilmir, həsrətin acısında qovularaq yazırdı: "Həyatın bir oyun olduğuna 2 il əvvəl məni əmin elədin... / amma sən qalib kimi, birinci kimi həmişə mənim və qardaşlarının yadındasan; bizim üçün birdənə qalacaqsan. Mənim əziz qardaşım, Allah sənə rəhmət eləsin. / Ölüm anidi, əsas unudulmamaqdır. Ən azı biz görüşənədək unudulmayassan!" – Şəhriyar Əlibəylinin dost xiffətli yazısından 8 il ötür. Dostların bir-birindən ayrılığının da 10 yaşı var. Şəhriyarın bizi tərk etdiyi tarixdən də 12 gün keçir... Və Mart hər iki dostun müvəqqəti ayrılıq və əbədi birlik ayına çevrilir... Bu ay həm də Şəhriyar Əlibəylini xalqa sevdirdi, Yaradana ucaltdı. Yerdə bəndə, göydə Tanrı, tən ortada isə ruhlar onu özünə doğma bildi. 

Sonda Şəhriyar Əlibəylinin valideyni, təhsilimizin cəfakeşi, Azərbaycan xalqının özünə doğma bildiyi anası Sahilə Əliyevanın təsirli ifadəsilə bitirmək istəyirəm. O, övladı – Vətən oğlu Şəhriyar Əlibəyliylə birlikdə arxa fonu gül-çiçək olan şəklini sosial mediada paylaşaraq yazır: "Arxada qalan güllərim... Daha çiçəklənməyin. Gözəl olsanız da, bu gözlər sizin gözəlliyinizi görməyəcək". Mart ayı bahar ekinoksunun gerçəkləşdiyi, günəşin təbiəti qızdırdığı, canlandırdığı aydır. Bu ay həm də Azərbaycan əsgərinə bənzəyir... Qarabağı quldurlardan azad edən, xoşbəxtliyə çıxaran, viran olmuş yurdun dağını, dərəsini, ağacını, otunu, çayını, torpağını xilas edən, ona yenidən can verən Azərbaycan əsgərinə. Bu ay bizə tək gül-çiçəyi, baharı gətirmədi. Mart həm də Şəhriyar Əlibəylini bu xalqa qəhrəman övlad kimi yetirdi. 

Əsgər İsmayılov, 
17 mart 2023-cü il.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media