https://innews.media/uploads/news/2023-03/_innews_2ad4d7b65450d6ec85de49743_o.jpg
Həyatımıza daim müxtəlif xarakterli insanlar daxil olur, yeni adamlar tanıyırıq. Kimi ilə yollarımızı ayırır, kimisiylə sonsuzluğumuza doğru addımlayırıq. Özümüz isə ailəmizin güzgüsüyük, bir növ varlığımızla kənardan onları əks etdiririk.
Milli burjuaziyamızın görkəmli nümayəndəsi, "millət atası" adlandırılan Hacı Zeynalabdin Tağıyevin fikri hər zaman üçün olduqca qiymətlidir: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə".
Bəzən hər qadına qadın, hər anaya da ana deyilmir. Lakin həqiqətən övladını sevən analar övladlarına dəyər verir, daim onlar üçün çalışırlar. Bir qadın təhsil alırsa, öz övladına da təhsil verir, çox zaman davranış qaydalarını ən yaxşı şəkildə öyrətməyə çalışır. Daim öz canından, öz qanından olan o varlığı savadlı və bacarıqlı, həmçinin cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirir.
Bu millətin savadlı qadınlara, təhsilə yönləndirilmiş gənclərə, qızlara çox ehtiyacı var. Xalqın daha çox oyanmağa, yeniliklərə və yenilənməyə ehtiyacı var. Qadınların isə sevilməyə, seçilməyə və yaşamağa ehtiyacı var.
Qadının "Səni sevirəm" başlığı altında şiddət görməyə deyil, qayğıya ehtiyacı var. "Uşaq yaşımda hamilə qaldım" deməyə yox, "Sevdiyim insanla evləndim və indi çox xəşbəxtəm" deməyə ehtiyacı var.
Hər sahənin, hər peşənin, hər insanın, ümumiyyətlə bəşəriyyətin də onlara ehtiyacı var. Neşet Ertaşın da dediyi kimi: "Qadınlar insandır, biz isə İnsanoğlu". Yaşamaq və yaşatmaq, İnsanoğlunun bizlərə çox ehtiyacı var.
Fərqi yoxdur, anadır ya bacıdır.
Dostundur ya tanışdır.
Əsas, o bir qadındır.
Bir bilsən, nə yüklərlə yaşayır.
İstər ana olsun, istər olmasın. İstər evli olsun, istər olmasın. İstər sizi sevsin, istər sevməsin. Yalnız qadın olduğumuz üçün deyil, insan olduğumuz üçün də bizə dəyər verin, qəlbimiz olduğu üçün...
Anam ali təhsilli olmasa belə daim mənim üçün çalışıb. Bu yazım yalnız təhsil almış yox, bütün qadınlar üçündür. Əgər valideynlərim olmasa idi bu yerlərə gələ bilməzdim, onların da üzərimdə hədsiz haqqı, zəhmət və əziyyəti var. Anamın timsalında ailəsi, övladı üçün alışıb-yanan bütün qadınların bayramını təbrik edirəm.
Aydan Qasımova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin