https://innews.media/uploads/news/2026-08/_innews_155ca0777e07b141b877c7236_o.jpg
14 fevral 2023-cü il tarixində İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dəyərlərimizə sahib çıxaq” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi gənclər arasında milli-mənəvi dəyərlərin, qeyri-maddi mədəni irsin, milli kimlik və vətənpərvərlik hissinin təbliği, onların Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi barədə məlumatlandırılması, eləcə də qloballaşma dövründə milli dəyərlərin qorunmasının əhəmiyyətinin iştirakçıların diqqətinə çatdırılması olub.
Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov açaraq iştirakçıları salamlayıb. O, çıxışında layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. N.Teymurov bu kimi maarifləndirici layihələrin gənclərin milli kimliyinin formalaşmasında, onların sağlam düşüncəli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi yetişməsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra layihə çərçivəsində dəvət olunmuş “Qeyri-maddi mədəni irsin təbliği” istiqaməti üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova “Milli-mənəvi dəyərlər və qeyri-maddi mədəni irsin qorunması” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı zəngin mənəvi irsin, adət-ənənələrin, ailə dəyərlərinin, milli bayramların, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs elementlərinin cəmiyyətimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Afət Rüstəmbəyova çıxışında qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesi gənclərin həyat tərzinə ciddi təsir göstərir. Bəzi hallarda milli-mənəvi dəyərlərimizə yad olan həyat tərzi və ənənələrə marağın artması müşahidə olunur. Bu baxımdan gənc nəslin milli kimliyini, tarixini, dilini, mədəniyyətini və mənəvi dəyərlərini dərindən öyrənməsi, onları qoruyaraq gələcək nəsillərə çatdırması xüsusi əhəmiyyət daşıyır. O, iştirakçıları xalqımızın zəngin mədəni irsinə hörmətlə yanaşmağa, milli adət-ənənələri yaşatmağa və bu istiqamətdə fəal olmağa çağırıb.
Məruzə zamanı milli-mənəvi dəyərlərin ailə institutunun möhkəmləndirilməsində, gənclərin sağlam mənəvi mühitdə formalaşmasında və cəmiyyətin inkişafında rolu barədə geniş fikir mübadiləsi aparılıb. İştirakçılara qeyri-maddi mədəni irsin qorunması, milli-mədəni irsin təbliği və bu sahədə gənclərin üzərinə düşən vəzifələr haqqında ətraflı məlumat verilib.
Tədbirin interaktiv hissəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və gənclərin təklifləri dinlənilib. Çıxış edənlər belə maarifləndirici tədbirlərin regionlarda mütəmadi keçirilməsinin milli dəyərlərin təbliği və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda layihənin təşkilatçıları tədbirin keçirilməsinə göstərilən dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, Heydər Əliyev Mərkəzinə və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, “Dəyərlərimizə sahib çıxaq” layihəsi çərçivəsində keçirilən silsilə maarifləndirici tədbirlərin əsas məqsədi gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, qeyri-maddi mədəni irsin təbliği və sağlam, vətənpərvər gənc nəslin formalaşmasına töhfə verməkdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin