https://innews.media/uploads/news/2023-01/_innews_933ad52f8d9055c14ba8c633d_o.jpg
2022-ci ildə Yüksək Texnologiyalar Parkının rezidentləri - “Aşqar” Elm İstehsalat Birliyi və Təcrübə Sənaye Zavodunda istehsal olunan aşqarlar və sürtkü materiallarının hamısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun tətbiqyönlü elmi tədqiqatlarının mühüm praktik nəticələridir.
Bu barədə AMEA-nın Kimya Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyətinin müzakirəsinə həsr olunmuş hesabat yığıncağında institutun baş direktoru, akademik Vaqif Fərzəliyev məlumat verib. Alimin sözlərinə görə, Aşqarlar Kimyası İnstitutu fundamental tətdqiqatlarla yanaşı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin kimyaçı alimlər qarşısında qoyduğu və qəbul olunan müvafiq dövlət proqramlarındakı vəzifələrə uyğun olaraq ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən tətbiqi elmi işlərə üstünlük verir.
Akademik qeyd edib ki, institut tərəfindən yaradılmış xüsusi təyinatlı texnikada (tanklarda) istifadə olunan yüksək gücə malik son nəsil dizel mühərriklərin normal istismarını təmin edən xüsusi təyinatlı motor yağının istehsalı Təcrübə-Sənaye Zavodunda təşkil edilib. “Azərbaycanda xüsusi təyinatlı sürtkü yağlarının stend sınaqlarını gerçəkləşdirmək üçün zəruri mühərriklər olmadığından, bu sınaqlar əvvəlki illərdə Ukraynada müvafiq xüsusi təyinatlı müəssisədə reallaşdırılmış və onlar tərəfindən yaradılmış son nəsil xüsusi təyinatlı dizel mühərriklərində istifadəsi təklif edilmişdi. Rusiya-Ukrayna müharibəsi bu prosesi başa çatdırmağa imkan verməsə də, “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunan həmin xüsusi təyinatlı motor yağı 2022-ci ilin mart ayında Azərbaycanın Respublikası Müdafiə Nazirliyinin sınaq mərkəzində də real texnikada müsbət nəticələrlə sınaqdan keçirilib”. – deyə V.Fərzəliyev əlavə edib. Akademik qeyd edib ki, bu motor yağının xüsusi təyinatlı texnikanın mühərriklərində istifadəsi məqsədəuyğun sayılıb.
Akademik V.Fərzəliyev bildirib ki, Aşqarlar Kimyası İnstitutu alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqarın – “Depressator AKİ”nin yaradılması və istehsalının “Aşqar” Elmi İstehsalat Birliyində təşkilidir. Qeyd olunan aşqarın istehsalı 2022-ci ildə də davam etdirilmişdir. Bugünədək Bakı-Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilməkdə olan həmin aşqara institut alimləri hər il müəllif nəzarəti həyata keçirir.
O, qeyd edib ki, hesabat dövründə rəhbərlik etdiyi elmi müəssisədə zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış tədqiqatların 7 ən mühüm nəticəsi “AMEA-nın 2022-ci ildəki fəaliyyəti haqqında hesabat” məcmuəsinə daxil edilmək üçün təqdim edilib. İnstitut direktoru 2 tətbiqi xarakterli işin müxtəlif sınaqdan keçirilərək tətbiqə tövsiyə olunduğunu, 2 işin isə tətbiqinin davam etdirildiyini bildirib.
“İstər postsovet dövründə, istərsə də müstəqillik illərində ölkə üzrə tətbiq edilən və tətbiq olunmağa tövsiyə edilən elmi tədqiqatın nəticələri ilə bağlı ən çox patent alan elmi müəssisə Aşqarlar Kimyası İnstitutudur”, - deyən V.Fərzəliyev bildirib ki, təkcə 2022-ci ildə institut tərəfindən 12 Azərbaycan patenti və 15 ixtiranın dərci haqqında müsbət “Qərar” alınmışdır. Akademikin sözlərinə görə, hazırda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Ekspertiza Mərkəzində 20 ədəd patentə dair iddia sənədləri baxılma mərhələsindədir.
Baş direktor əlavə edib ki, 2022-ci ildə institut alimləri tərəfindən 2 monoqrafiya, 194 məqalə və tezis işıq üzü görüb. 26 məqalə impakt faktorlu nüfuzlu xarici jurnallarda, 13 məqalə isə “Clarivate Analytics”in “Web of Science” bazasının Q1-Q4 kateqoriyalı jurnallarında yer alıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin