https://innews.media/uploads/news/2026-08/_innews_905a7f239419df08c3a4bba9d_o.jpg
Azərbaycanda fəaliyyət göstərən European Football Academy (EFA) uşaq və yeniyetmə futbolunun inkişafı, istedadlı oyunçuların erkən yaşlardan aşkarlanması və onların peşəkar futbola hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.
Akademiyanın yaydığı məlumata görə, EFA-da əsas məqsəd uşaqlara yalnız futbolun texniki elementlərini öyrətmək deyil, onların uzunmüddətli inkişafını təmin edəcək sistemli hazırlıq modelini tətbiq etməkdir. Bu model çərçivəsində futbolçuların fiziki, texniki, taktiki və psixoloji hazırlığı paralel şəkildə inkişaf etdirilir, hər bir uşağın fərdi potensialı qiymətləndirilir.
Bildirilib ki, akademiyada istedad seçimi yalnız mövcud oyun səviyyəsinə əsaslanmır. Mütəxəssislər uşaqların gələcək inkişaf imkanlarını, oyun intellektini, qərarvermə bacarığını, meydanı görmə qabiliyyətini və komanda ilə əməkdaşlıq xüsusiyyətlərini də nəzərə alırlar. Məqsəd gələcəkdə yüksək səviyyəli futbolçu olmaq potensialına malik uşaqları erkən yaşlarda müəyyənləşdirməkdir.
EFA-da məşqlər yaş və hazırlıq səviyyəsinə uyğun qruplar üzrə keçirilir. Təlim prosesində texniki bacarıqların təkmilləşdirilməsi ilə yanaşı, sürət, koordinasiya, çeviklik, fiziki hazırlıq, taktiki düşüncə, psixoloji dayanıqlılıq və oyun intizamı üzərində də iş aparılır. Akademiya uşaqların gündəlik rejimi və qidalanmasına da diqqət yetirir.
Akademiyanın məlumatına əsasən, fəaliyyətin əsas nəticələrindən biri yetişdirdiyi futbolçuların daha yüksək səviyyəli akademiya və klublara keçid imkanları əldə etməsidir. EFA bunu öz fəaliyyətinin uğurlu göstəricilərindən biri hesab edir və əsas hədəfin futbolçuların peşəkar inkişafına töhfə vermək olduğunu bildirir.
EFA-nın inkişaf modelində beynəlxalq təcrübə də mühüm yer tutur. Akademiyanın komandaları il ərzində müxtəlif ölkələrdə təşkil olunan turnirlərdə və təlim-məşq proqramlarında iştirak edərək fərqli futbol məktəbləri ilə tanış olur, beynəlxalq rəqabət mühitində oyun təcrübəsi qazanırlar. Akademiya hesab edir ki, bu cür yarışlar gənc futbolçuların inkişaf səviyyəsinin qiymətləndirilməsi və onların gələcək hazırlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
EFA yerli futbol yarışlarında da fəal iştirak edir və müxtəlif akademiyalarla rəqabət mühitində futbolçuların inkişafına şərait yaradır. Akademiya uzunmüddətli perspektivdə istedadlı yetirmələrinin Azərbaycanın aparıcı klublarında, eləcə də xarici futbol akademiyalarında inkişafını davam etdirməsini əsas hədəflərdən biri kimi müəyyənləşdirib.
Akademiya sponsorluq məsələsinə də sosial məsuliyyət prizmasından yanaşdığını bildirir. Qeyd olunur ki, tərəfdaşların dəstəyi beynəlxalq turnirlərdə iştirak imkanlarının artırılmasına, təlim-məşq proqramlarının genişləndirilməsinə, infrastrukturun və maddi-texniki bazanın gücləndirilməsinə xidmət edə bilər.
EFA hesab edir ki, uğurlu futbolçu yetişdirilməsi üçün əsas amillər istedadın vaxtında aşkarlanması, düzgün məşq sistemi və davamlı inkişaf mühitinin yaradılmasıdır. Bu yanaşma ilə akademiya Azərbaycanın futbol potensialının formalaşmasına və gələcək peşəkar futbolçuların hazırlanmasına töhfə verməyi qarşıya məqsəd qoyub.
Ən son xəbərləri səhifəmizdən də izləyin