https://innews.media/uploads/news/2026-07/_innews_cf50751979b9846acd63d6479_o.jpg
İyulun 26-da İçərişəhərin tarixi küçələri ilk dəfə “Red Bull Pəhləvan” yarışının meydanına çevriləcək. İştirakçılar 1,7 kilometrlik marşrut boyunca güc, sürət, tarazlıq, çeviklik və dözümlülük tələb edən funksional maneələri dəf edərək “Red Bull Pəhləvan” adı uğrunda mübarizə aparacaqlar. Azərbaycanın pəhləvanlıq ənənəsindən ilhamlanan layihə qədim irsi müasir idman formatında yenidən təqdim edir. Burada qalibiyyəti yalnız fiziki güc deyil, iradə, xarakter və son maneəyədək mübarizə aparmaq bacarığı müəyyən edəcək.
“Red Bull Pəhləvan” İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas tərəfdaşlığı və təşkilati dəstəyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası (AMİNA) və Azərbaycan Zorxana İdman Federasiyasının (AZİF) dəstəyi ilə həyata keçirilir. Yarışın rəsmi media tərəfdaşı CBC Sport-dur.
DÜNYA ÇEMPIONU İDA MATILDA ILƏ AÇIQ MASTER-KLAS
Red Bull Pəhləvan proqramı yarış günündən əvvəl başlayır. İyulun 24-də ikiqat OCR dünya çempionu və HYROX elit 15 atleti Ida Matilda idmançılar və funksional fitnes həvəskarları üçün açıq master-klas keçirəcək.
İştirakçılar dünya səviyyəli atletin məşq metodları ilə yaxından tanış olacaq, maneələrin düzgün və effektiv dəf edilməsi, gücün məsafə boyunca bölüşdürülməsi, tarazlığın və dözümlülüyün qorunması və yarış zamanı diqqətin cəmlənməsi üzrə praktiki biliklər əldə edəcəklər. İda Matilda həmçinin peşəkar idman karyerasından, böyük yarışlara fiziki və psixoloji hazırlıq prosesindən və təzyiq altında düzgün qərar verməyin əhəmiyyətindən danışacaq. Görüş iştirakçılara suallarını birbaşa dünya çempionuna ünvanlamaq və onun təcrübəsindən faydalanmaq imkanı yaradacaq.
Tarix: 24 iyul
Saat: 19:00
Məkan: Vikings Hammer İdman Zalı
Layihə çərçivəsində idmançılar və idman ictimaiyyəti üçün bir sıra digər xüsusi görüş və tədbirlərin də keçirilməsi nəzərdə tutulur.
YARIŞI CANLI IZLƏ
İyulun 26-da İçərişəhərin küçələrindən keçən yarış marşrutu tamaşaçılar üçün tam açıq olacaq. Hər kəs marşrut boyunca istədiyi nöqtədən yarışı canlı izləyə, iştirakçıların maneələri necə dəf etdiklərini yaxından görə və “Red Bull Pəhləvan”ın enerjisini hadisələrin tam mərkəzində yaşaya biləcək.
Burada tamaşaçı ilə yarış arasında məsafə olmayacaq - bütün İçərişəhər canlı tribunaya çevriləcək.
Tamaşaçılar üçün giriş sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur.
Məkan: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tarix: 26 iyul 2026
Başlanğıc: 15:00
Giriş: sərbəst
Ətraflı məlumat: https://www.redbull.com/az-az/events/red-bull-pehlevan
Ən son xəbərləri səhifəmizdən də izləyin