https://innews.media/uploads/news/2026-05/_innews_de1fdd143b1e858cd9a869d14_o.jpg
10–11 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üzrə Könüllülər Proqramı çərçivəsində təşkil olunan məkan təlimləri uğurla başa çatıb. Təlimlərdə ümumilikdə 2100-dən çox könüllü iştirak edib.
Sözügedən təlimlər zamanı könüllülər tədbir məkanı, əməliyyat prosesləri, təhlükəsizlik prosedurları, departamentlər üzrə fəaliyyət istiqamətləri, eləcə də tədbir günlərində tətbiq olunacaq əsas qayda və təlimatlarla tanış olublar.
WUF13 Könüllülük Proqramı gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncənin təşviqi və beynəlxalq təcrübə imkanlarının artırılması baxımından mühüm təşəbbüslərdən biridir.
Proqramda iştirak üçün müraciət etmiş 16 min namizəd arasından çoxmərhələli seçim prosesini uğurla tamamlayan könüllülər tədbir müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati koordinasiya, eləcə də mədəni proqramların icrası kimi müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Hazırda könüllülərin bir qismi artıq aidiyyəti fəaliyyət istiqamətləri üzrə vəzifələrin icrasına dəstək göstərməyə başlayıblar.
Xatırladaq ki, 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək və şəhərlərin gələcəyinə dair strateji müzakirələrə ev sahibliyi edəcək.