https://innews.media/uploads/news/2026-03/_innews_c3e677acc9b5098199687997d_o.jpg
Azərbaycan İdman Akademiyasının (ASA) rəhbər heyəti Malayziyaya rəsmi səfər çərçivəsində ölkəmizin bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov ilə görüşüb.
Görüşdə ASA-nı tədris işləri üzrə prorektor Ülkər Babayeva, ümumi işlər üzrə prorektor Taleh Qələndərli, Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Həsən İbrahimli təmsil ediblər.
Tərəflər Azərbaycan və Malayziya arasında ali təhsil, idman elmləri və beynəlxalq akademik əməkdaşlıq sahələrində perspektivlərin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Səfir İrfan Davudov Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq aləmdə daha fəal iştirakının vacibliyini vurğulayaraq, qlobal əməkdaşlıq imkanlarının artırılması və təhsildə innovativ yanaşmaların tətbiqi istiqamətində həyata keçirilən təşəbbüsləri dəstəklədiyini bildirib.
ASA-nın nümayəndə heyəti Akademiyanın mövcud inkişaf strategiyası, onu regionun aparıcı idman təhsili və tədqiqat mərkəzlərindən birinə çevirmək məqsədilə həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər haqqında səfirə ətraflı məlumat verib.
Sonda səfir Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıb.