https://innews.media/uploads/news/2026-03/_innews_4bc227febf2c7563946aa9690_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı ilə bağlı infosessiya keçirilib. Tədbirdə universitetin rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.
İnfosessiyanı giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılmasının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin müasir ali təhsilin vacib istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, belə təşəbbüslər gənclərin startap ekosistemi ilə daha yaxından tanış olmasına, ideyalarını konkret layihələrə çevirməsinə və yeni imkanlardan faydalanmasına şərait yaradır. Prorektor qeyd edib ki, müasir dövrdə bilik yalnız nəzəri çərçivədə qalmamalı, praktik nəticələrə çevrilməlidir. Startap fəaliyyəti gənclərə öz ideyalarını reallaşdırmaq, mövcud problemlərə innovativ həllər təqdim etmək və gələcəkdə sahibkar kimi formalaşmaq imkanı verir. Professor Asəf Zamanov vurğulayıb ki, yaradıcı düşüncənin, araşdırma və yeni ideyaların formalaşması üçün ən əlverişli mühitlərdən biri məhz universitetlərdir. Prorektor ADPU tələbələrinin startap layihələrinə cəlb olunmasının onların innovativ və təşəbbüskar düşüncə tərzinə malik mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. A.Zamanov qeyd edib ki, ASAN xidmətin fəaliyyəti ölkəmizdə innovasiyaların, gənclərin təşəbbüslərinin və sosial layihələrin dəstəklənməsi baxımından mühüm rol oynayır və bu kimi proqramlar tələbələr üçün yeni imkanlar, mentorluq mexanizmləri və startap təşəbbüsləri üçün geniş platforma yaradır. Professor Asəf Zamanov infosessiyanın tələbələrdə yeni ideyaların yaranmasına, aktual layihələrin formalaşmasına və uğurlu startapların təməlinin qoyulmasına mühüm töhfə verəcəyinə inandığını bildirərək iştirakçıları tədbirdə fəal olmağa çağırıb.
Daha sonra İnnovasiyalar Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin əməkdaşları – layihə meneceri Nərmin Kərimova və departament müdirinin müavini Ziniddin Babayev tələbələrə “Gələcək üçün bacarıqlar” layihəsi və V “TUSİ” inkubasiya proqramı barədə ətraflı məlumat veriblər. Çıxışlarda proqramın məqsədləri, iştirak qaydaları, təlim modulları, mentorluq imkanları və startap ideyalarının inkişaf etdirilməsi mexanizmləri barədə təqdimat edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına dəstək göstərilir, onların startap ekosisteminə inteqrasiyası təşviq olunur və ideyaların real layihələrə çevrilməsi üçün zəruri bilik və bacarıqların əldə edilməsinə şərait yaradılır.