https://innews.media/uploads/news/2026-03/_innews_c246879aa47edd3783d4c29b0_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) akademik göstəriciləri ilə fərqlənən və müəyyən olunmuş meyarlara cavab verən 50 tələbəyə “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən notbuk hədiyyə olunması münasibətilə görüş keçirilib.
Görüşdə universitet rəhbərliyi, fakültə dekanları, tələbələr və “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan ADPU-nun rektor müşaviri Ümid Mehdiyev şirkətin təşəbbüsünün əhəmiyyətindən danışıb, notbukların təqdim olunması prosesinin şəffaf və obyektiv meyarlar əsasında həyata keçirildiyini diqqətə çatdırıb. O, bu cür sosial məsuliyyət layihələrinin tələbələrin təhsil motivasiyasının artırılmasına və onların akademik fəaliyyətinə müsbət təsir göstərdiyini vurğulayıb.
Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov çıxışında yüksək akademik nəticələr göstərən tələbələrin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib, göstərilən dəstəyə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib.
Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev tələbələrin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və bu təşəbbüsün tələbələrin gələcək uğurlarına əlavə stimul olacağına əmin olduğunu qeyd edib.
“Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin nümayəndələri şirkətin təhsilə və gənclərin inkişafına dəstək verməyi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini bildirib, gələcəkdə də bu kimi layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüşün sonunda akademik göstəriciləri ilə seçilən 50 tələbəyə notbuklar təqdim olunub.