https://innews.media/uploads/news/2026-02/_innews_f2ae3ff42725d604a7e76d917_o.jpg
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı rəsmi məktub ünvanlayıb.
Məktubda qeyd olunur ki, İran İslam Respublikası təcavüz tam və qeyd-şərtsiz şəkildə dayandırılanadək özünün qanuni və legitim özünümüdafiə hüququnu qətiyyətlə və dərhal həyata keçirməyə davam edəcək.
Sənəddə bildirilir ki, ABŞ və İsrail tərəfindən həyata keçirilmiş hava hücumları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq pozuntusu olmaqla yanaşı, İran İslam Respublikasına qarşı aşkar silahlı təcavüz aktı hesab olunur.
İran tərəfi vurğulayıb ki, ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünün təbii və legitim özünümüdafiə hüququnu həyata keçirir.
Məktubda həmçinin qeyd edilir ki, İran Silahlı Qüvvələri təcavüzün qarşısını almaq və düşmənçilik niyyətli hərəkətlərə qarşı effektiv çəkindirməni təmin etmək məqsədilə bütün müdafiə imkanlarını səfərbər edəcək.
Sənədə əsasən, regionda yerləşən və təcavüzkar qüvvələrə məxsus olduğu bildirilən bütün bazalar, obyektlər və aktivlər İranın özünümüdafiə hüququnun icrası çərçivəsində legitim hərbi hədəflər hesab ediləcək. İran tərəfi bəyan edib ki, təcavüz tam dayandırılanadək özünümüdafiə tədbirləri fasiləsiz davam etdiriləcək.