https://innews.media/uploads/news/2026-02/_innews_968aa409e2a3c1177d3d211b3_o.jpg
26 Fevral – xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalı: Unudulmaz Yara” adlı geniş anım tədbiri keçirildi. Tədbir Nayoranın mərkəzi ofisində baş tutdu və rəsmi, eyni zamanda duyğusal atmosferi ilə yadda qaldı.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Zalda hökm sürən sükut, Xocalının xalqımızın yaddaşında sağalmayan bir yara olduğunu bir daha nümayiş etdirdi.
Açılış nitqi ilə çıxış edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri İlkin Məmiyev Xocalı faciəsinin təkcə bir şəhərin deyil, bütöv bir xalqın taleyinə yazılmış faciə olduğunu vurğuladı. O bildirdi ki, gənclər tarixi hadisələri yalnız emosional deyil, həm də faktoloji əsaslarla öyrənməli, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal mövqe sərgiləməlidirlər. Sədr qeyd etdi ki, bu cür anım tədbirləri milli şüurun gücləndirilməsinə və vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edir.
ƏƏSMN tabeliyində fəaliyyət göstərən QHT rəhbəri, araşdırmaçı İradə Rzazadə çıxışında Xocalı soyqırımının hüquqi aspektlərinə toxundu. O, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu vurğulayaraq, vətəndaş cəmiyyətinin və gənclərin bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məsuliyyətini ön plana çəkdi.
Tarixçi Boran Əziz isə hadisələrin tarixi xronologiyası barədə geniş məlumat verdi. O, 1992-ci ilin fevral ayında baş verənlərin arxa planını, regiondakı hərbi-siyasi vəziyyəti və faciənin miqyasını faktlar əsasında təqdim etdi. Tarixi faktların səsləndirilməsi iştirakçılarda həm kədər, həm də məsuliyyət hissi formalaşdırdı.
Tədbirin xüsusi qonaqlarından biri, görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin kötücəsi Ayaz bəy Əlikişibəyov çıxışında milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən danışdı. O vurğuladı ki, xalqın yaddaşı yalnız tarix kitablarında deyil, ədəbiyyatda, sənətdə və gənclərin düşüncəsində yaşayır. Xocalı kimi faciələr nəsillər arasında mənəvi bağ yaradan hadisələrdir.
Tədbirin bədii hissəsi xüsusilə təsirli oldu. Əbədi Birlik Gənclər İctimai Birliyinin fəal üzvləri Amalya Əhmədova və Arzu Cəfərova Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər. Onların ifasında səslənən misralar anaların fəryadını, yarımçıq qalmış uşaqlıq talelərini və itirilmiş həyatların ağrısını bir daha hər kəsə hiss etdirdi. Zalda yaranan sükut və kövrəklik tədbirin emosional kulminasiya nöqtəsi oldu.
Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən foto və məlumat materialları da iştirakçılara təqdim edildi. Gənclər arasında mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı və tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılması yolları müzakirə edildi.
“Xocalı: Unudulmaz Yara” tədbiri bir daha göstərdi ki, Azərbaycan gəncliyi tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və milli yaddaşın qorunmasını özünün mənəvi borcu hesab edir. Əbədi Birlik Gənclər İctimai Birliyi bundan sonra da tarixi həqiqətlərin təbliği, gənclərin maarifləndirilməsi və milli dəyərlərin yaşadılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Xocalı bizim qan yaddaşımızdır.
Xocalı unudulmur, unudulmayacaq.