logo
ADPU-da tələbələr üçün zəngin həftəsonu proqramı

ADPU-da tələbələr üçün zəngin həftəsonu proqramı

ADPU-da tələbələr üçün zəngin həftəsonu proqramı ADPU-da tələbələr üçün zəngin həftəsonu proqramı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən tələbə təşkilatları tərəfindən tələbələrin asudə vaxtlarının daha məhsuldar keçirilməsi məqsədilə davamlı olaraq müxtəlif təşəbbüslər reallaşdırılır. Bu təşəbbüslər gənclərin fərdi inkişafına dəstək vermək, onların ictimai fəallığını gücləndirmək və komanda şəklində işləmək bacarıqlarını möhkəmləndirmək məqsədi daşıyır. Universitetdə mütəmadi olaraq maarifləndirici seminarlar, intellektual müsabiqələr, həmçinin idman və mədəni-kütləvi istiqamətli layihələr təşkil edilir. Bu istiqamətdə ötən həftəsonu da bir sıra maraqlı və rəngarəng layihələrlə yadda qalıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) nəzdində fəaliyyət göstərən Debat Klubunun təşkilatçılığı ilə həftəsonu “Şəhərsalma və Memarlıq” ilinə həsr olunmuş “Karl Popper” formatlı şou-debat keçirilib. Şou-debatda iştirakçı komandalarla yanaşı 350-dək tamaşaçı iştirak edib. Tədbir ADPU THİK sədri Cəmilə Qurbanovanın açılış nitqi ilə başlayıb. Tədbirdə iştirak edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, tanınmış debatçı Həbib Heydər və ADNSU Debat Klubunun yaradıcısı,Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar. Debatda müxtəlif fakültələri təmsil edən tələbələrdən ibarət 2 komanda mübarizə aparıb. Hakimlərin qərarına əsasən “Nəsibənin mələkləri” komandası şou-debatın qalibi olub. Qalib komandaya diplomlar təqdim edilib. Fidan Hüseynli “Ən yaxşı natiq”, Səma Rzazadə “Ən yaxşı hakim namizədi” olaraq təltif ediliblər.

Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən İntellektual oyunlar klubunun təşkilatçılığı ilə universitetdə ilk dəfə olaraq “Kvartet” formatlı intellektual oyun üzrə  intellektual turnirə start verilib. Turnirdə açılış nitqi ilə çıxış edən ADPU-nun Sosial və Humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev tələbələrə intellektual oyunlarda iştirakın əhəmiyyətini vurğulayaraq, öz tövsiyələrini bölüşüb. ADPU TGT-nin sədri Elmira Babayeva iştirakçı komandalara uğurlar arzulayıb. Turnirdə iştirak edən 20 komanda püşkatma ilə 5 qrupa bölünüb və ilkin olaraq A qrupundakı komandalarının oyunu keçirilib. Oyun fərqli mövzuları əhatə edən 4 raunddan ibarət olub. A qrupunun komandaları arasında keçirilən oyunda xal hesabında “Mind Hackers" komandası qalib gələrək, birbaşa olaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, yekunda 5 qrup üzrə ən yüksək nəticəni göstərən 1 komanda və 2-ci yerin sahibi olan 3 ən yüksək xala malik komanda arasında yarımfinal və final mərhələləri təşkil olunacaq.

ADPU TGT-nin  nəzdində fəaliyyət göstərən Debat klubunun təşkilatçılığı ilə tələbələr üçün peşəkar debatçı, “Bakı Gənclər Debat Forumu 2019”un ən yaxşı natiqi olan hakim və təlimçi Ağarəhim Şavruqzadə tərəfindən debat təlimi keçirilib.Təlimdə tələbələr debat anlayışının mahiyyəti, arqument quruculuğu və məntiqi düşünmənin əsas prinsipləri ilə yaxından tanış olublar. “Karl Popper” debat formatının qaydaları, debatın 1-ci, 2-ci və 3-cü spikerlərinin funksiyaları ətraflı şəkildə izah olunub, tələbələr spikerlərin debat prosesindəki rollarını praktiki nümunələr əsasında öyrənərək, çıxış strategiyalarını formalaşdırıblar.

Həftəsonu Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) semestrin son aylıq hesabat iclasını keçirib. İclasda sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, şöbənin baş mütəxəssisi İsmayıl Nəsirov, TKTB-nin sədri Aydan Süleymanlı və təşkilatın fəal üzvləri iştirak ediblər. İclasda həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb, eyni zamanda inkişaf strategiyaları müzakirə olunub. Təşkilat üzvləri tərəfindən yeni semestr üçün planlar, yeni ideya və təkliflər də irəli sürülüb. Sonda semestr ərzində aktiv fəaliyyəti ilə seçilən üzvlər təltif ediliblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin