https://innews.media/uploads/news/2026-01/_innews_a219b5dd8fb138832f2f0c584_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” reytinqində yer alıb. Universitet sözügedən reytinqdə 601-650-ci yerlər intervalında qərarlaşıb. QS Avropa Reytinqi universitetlərin akademik reputasiyası, elmi-tədqiqat fəaliyyəti, tədris resursları, beynəlxalq göstəriciləri, tələbə və müəllim mobilliyi, eləcə də sosial və ekoloji təsirləri üzrə məlumatlara əsaslanır. Reytinq nəticələri Avropa üzrə ali təhsil müəssisələrinin mövcud göstəricilərinin müqayisəli təqdimatı xarakteri daşıyır.
Qeyd edilən qiymətləndirmələrdə Avropanın 42 ölkəsindən ümumilikdə 958 ali təhsil müəssisəsi qiymətləndirməyə cəlb olunub. Reytinq Avropa üzrə universitetləri müqayisəli şəkildə təhlil edən regional beynəlxalq reytinq mexanizmidir. QS metodologiyasına əsasən reytinq universitetləri 12 göstərici üzrə qiymətləndirir. Bu meyarlara akademik reputasiya, işəgötürənlər arasında reputasiya, məzunların məşğulluq nəticələri, fakültə-tələbə nisbəti, fakültə üzrə elmi məqalələr, hər məqaləyə düşən istinadlar, beynəlxalq tədqiqat şəbəkəsi, beynəlxalq müəllim nisbəti, beynəlxalq tələbə müxtəlifliyi, daxil olan və xaricə gedən mübadilə tələbələri, eləcə də davamlılıq göstəricisi daxildir. Qiymətləndirmədə Azərbaycandan ADPU da daxil olmaqla 15 ali təhsil müəssisəsi iştirak edib.
Pedaqoji Universitet Azərbaycan universitetləri arasında fakültə üzrə elmi məqalələrin sayına görə 1-ci yer, hər məqaləyə düşən istinadlar üzrə 2-ci yer, beynəlxalq tədqiqat şəbəkəsi üzrə 2-ci yer, fakültə-tələbə nisbəti üzrə 2-ci yer, məzunların məşğulluq nəticələri üzrə 4-cü yerdə qərarlaşıb. Daxil olan mübadilə tələbələri göstəricisi üzrə ADPU 1-ci yerdə, xaricə gedən mübadilə tələbələri göstəricisi üzrə isə 12-ci yerdə qərarlaşıb. Universitet akademik reputasiya göstəricisi üzrə 9-cu yer, işəgötürənlər arasında reputasiya üzrə 6-cı yer, beynəlxalq müəllim nisbəti üzrə 9-cu yer, beynəlxalq tələbə müxtəlifliyi üzrə 6-cı yer, davamlılıq göstəricisi üzrə isə 6-cı yer tutub.
Bunlarla yanaşı reytinqdə Pedaqoji Universitet Avopra üzrə fakültə-tələbə nisbətinə görə 57-ci, akademik nüfuz və işəgötürən nüfuzu üzrə 301+, məşğulluq nəticələrinə görə isə 380-ci yerdə qərarlaşıb.