https://innews.media/uploads/news/2026-01/_innews_b9bea0512282a407fcd5f401b_o.jpg
2026–2035-ci illər üçün Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilib. Ölkə rəhbəri bu proqram çərçivəsində keçirdiyi müşavirədə Cənub Qafqazın ən vacib ekoloji və infrastuktur məsələlərindən birinə dəniz çirklənməsi və tullantı suların aradan qaldırılmasına xüsusi diqqət ayırıb. Prezident İlham Əliyevin sözlərinə görə, Dövlət Proqramı Bakı şəhəri, Sumqayıt, Abşeron və 64 yaxın yaşayış məntəqəsini əhatə edir, İçməli suyun fasiləsiz və uzunmüddətli təminatını gücləndirir, Yağış və tullantı sularının idarə olunmasını sistemli şəkildə qurur, İtirilən, sızan su həcmlərini kəskin şəkildə azaldır.
Bu proqramla bağlı əsas hədəflərdən biri tullantı suların tamamilə təmizlənməsi və dənizə buraxılmadan əvvəl yüksək səviyyədə emal olunmasıdır.
Prezident İlham Əliyev müşavirədə bir daha vurğulayıb ki, Xəzər dənizinin çirklənməsinin əsas səbəblərindən biri məhz tullantı suların yetərincə təmizlənmədən dənizə buraxılmasıdır. Bu isə ekosistemin davamlılığını təhlükə altına alır, Xəzər dənizinin bioloji müxtəlifliyinə mənfi təsir göstərir, su ətraf mühitinə və insanların sağlamlığına risklər yaradır. Bu səbəbdən prezident proqram çərçivəsində dəqiq göstəriş verib ki, suyun dənizə verilməzdən əvvəl təmizlənməsi 100 faiz səviyyədə təmin olunsun.
Prezidentin çıxışında qeyd olunub ki, bu hədəfə çatmaq üçün xüsusi tədbirlər həyata keçiriləcək, o cümlədən, Hövsan sutəmizləyici stansiyanın modernləşdirilməsi və genişləndirilməsi proqramın əsas məsələlərindən biridir, Müasir su təmizləmə texnologiyaları tətbiq ediləcək, Tullantı suların tam emalı üçün əlavə infrastrukturlar inşa olunacaq. Bu tədbirlər suyun keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək və dəniz çirklənməsinin qarşısını almağa yönələcək.
Proqram yalnız infrastruktur layihələrindən ibarət deyil o həm də ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsiplərini birləşdirir. Dənizə buraxılan tullantı suların təmizlənməsi, Xəzər dənizinin faunasını və florasını qoruyacaq, Turizm və dəniz sahəsində iqtisadi aktivliyi artıracaq, Su resurslarından sağlam şəkildə istifadəni təmin edəcək.
Bu istiqamət həm də Azərbaycanın su təhlükəsizliyi strategiyası ilə sıx bağlıdır. Məqsəd yalnız suyun verilməsini yaxşılaşdırmaq deyil, həm də bütün su dövriyyəsinin keyfiyyətlə idarə olunmasıdır. Prezident İlham Əliyevin Bakı şəhəri və Abşeron yarımadası üçün təsdiq etdiyi 2026–2035 Dövlət Proqramı suyun idarə olunması və ekoloji dayanıqlıq sahəsində böyük miqyaslı hədəflər qoyur. Bu hədəflər arasında dənizə buraxılan suların 100 faiz təmizlənməsi xüsusi yer tutur və bu, ətraf mühitin qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və uzunmüddətli davamlı inkişafa xidmət edən strateji prioritetdir.
Natiq Kərimli YAP Şirvan şəhər təşkilatının əməkdaşı