logo
ADPU XXVIII NASCO konfransında iştirakçı rekordunu yeniləyib

ADPU XXVIII NASCO konfransında iştirakçı rekordunu yeniləyib

ADPU XXVIII NASCO konfransında iştirakçı rekordunu yeniləyib ADPU XXVIII NASCO konfransında iştirakçı rekordunu yeniləyib

16-17 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika Elmi konfransı (NASCO XXVIII) keçirilib. Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə baş tutmuş konfrans “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Konfransın plenar iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və universitetin 37 nəfər doktorant, dissertant və gənc tədqiqatçısı iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov  konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. NASCO XXVIII-də dayanıqlı inkişaf məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII 649 qəbul olunmuş iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir və qəbul edilmiş məqalələrin sayı 610-dur. Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub.

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və gələcək prioritetlər barədə danışıb. Nazir çıxışında xüsusilə qeyd edib ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir. Bu cür tədbirlərin elm sahəsində uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını, ümumilikdə ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını vurğulayıb. Nazir çıxışında bildirib ki, növbəti ildən ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Nazir çıxışının sonunda NASCO XXVIII-in gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edərək konfransın işinə uğurlar arzulayıb.

Rəsmi açılış mərasimindən sonra konfransın işi müxtəlif istiqamətlər üzrə müvafiq  bölmələrdə davam etdirilib. Qeyd edək ki, konfransda fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, dissertantura və ya doktorantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin 35 yaşa qədər olan fəlsəfə doktoru elmi dərəcəsi almış gənc tədqiqatçılar iştirak edə biliblər.

ADPU bu il NASCO XXVIII konfransında Azərbaycandan və xarici ölkələrdən olmaqla, ümumilikdə 72 ali təhsil müəssisəsi və institut arasında tezisi qəbul edilmiş doktorant və gənc tədqiqatçıların sayına görə 37 iştirakçı sayı ilə 5-ci yerdə qərarlaşıb ki, bu da unversitetin öz rekordunu yeniləməsi deməkdir. Məlumat üçün bildirək ki, 2024-cü ildə universitetdə təhsil alan 48  doktorant və dissertant arasından 15 nəfər konfransda iştirak edib və ADPU konfransda nümayəndələri iştirak etmiş 44 ali təhsil müəssisəsi və elmi-tədqiqat institutları arasında 3-cü pillədə qərarlaşıb. 2023-cü ildə iştirakçı sayı 3 nəfər, 2022-ci ildə isə 4 nəfər olub.

Bununla yanaşı, bu il ilk dəfə olaraq ADPU-nun doktorantura səviyyəsində təhsil alan 3 nəfər Çin Xalq Respublikasının vətəndaşı da NASCO XXVIII konfransında iştirak edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media