https://innews.media/uploads/news/2025-12/_innews_e2baa61751907a0ea4255a0ec_o.jpg
Dekabrın 15-də Ucar rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik və milli–mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Komitəsinin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən, tədbirin moderatoru Əzim Rəfiyev vurğulayıb ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qoruyub, əsrlərlə yaşadıb və inkişaf etdirib. Eyni zamanda ölkəmiz hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub.
Dövlət Komitəsinin Media və kommunikasiya şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinə böyük hörmətlə yanaşıb, dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün əvəzsiz xidmətlər göstərib. Heydər Əliyevin rəhbərliyi ilə formalaşan siyasət vətənpərvərlik ruhunu gücləndirib, Azərbaycan gənclərinin milli kimliyinə sadiq olmasını təmin edib. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad edib. Bu Zəfər şəhidlərimizin qanı və döyüşçülərimizin fədakarlığı hesabına əldə edilib. A. Məcidzadə diqqətə çatdırıb ki, onların qəhrəmanlığı və vətənpərvərliyi hər birimiz üçün örnəkdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Şükür Məmmədov qeyd edib ki, vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Bu baxımdan Vətən müharibəsi Azərbaycan gəncliyinin həm vətənpərvərliyini, həm də milli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının sədr müavini Nuru Piriyev, şəhid atası Məhəmmədəli Əliyev, rayon Ağsaqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Rayon Gənclər Mərkəzinin direktoru Kazım Məmmədov və din xadimləri çıxışlarında vurğulayıblar ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.