https://innews.media/uploads/news/2025-12/_innews_707569e56dd673a7fdcce1803_o.jpg
Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “Volun-up” adlı bədii-əyləncəli tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev bildirib ki, könüllülük hərəkatı bu gün dünyanın ən inkişaf etmiş ölkələrində cəmiyyətin sosial dinamizmini təmin edən əsas dayaqlardan biri hesab olunur. Könüllülük yalnız yardım etmək və yaxud bir tədbirdə iştirak etmək deyil, həm də vətəndaş məsuliyyətinin, sosial həmrəyliyin və humanizmin göstəricisidir. Prorektor ADPU-da fəaliyyət göstərən müxtəlif könüllü birliklərinin universitet həyatında nümunəvi fəallıq nümayiş etdirdiyini vurğulayıb. O qeyd edib ki, könüllülər təkcə tədbirlərin təşkili və idarə olunmasında deyil, həm də sosial təşəbbüslərin irəli sürülməsində, universitetin ictimai mühitinin formalaşdırılmasında mühüm rol oynayırlar. F.Rzayev gün münasibətilə bütün könüllülərə təşəkkür edib, onların əməyinin ADPU-nun ictimai həyatında xüsusi yer tutduğunu bildirib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışında ölkəmizdə gənclərin sosial fəallığından bəhs edən F. Rzayev əlavə edib ki, qalib Azərbaycanın inkişafında, xüsusilə, Qarabağın bərpası və dirçəlişi prosesində gənclərin fəallığı, təşəbbüskarlığı və ictimai məsuliyyəti əvəzsiz əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu gün gənclər dövlət siyasətinin mərkəzində dayanır və onların hər birinin bilik, bacarıq və enerjisi ölkənin gələcək inkişafının təminatıdır.
ADPU TKTB-nin sədri Aydan Süleymanlı çıxışında qonaqları salamlayaraq Beynəlxalq Könüllülər Gününün gənclər üçün əhəmiyyətinə toxunub. O, könüllülüyün gənclərin həm şəxsi inkişafına, həm də cəmiyyətə faydalı vətəndaş kimi formalaşmasına mühüm töhfə verdiyini bildirib və gəncləri hazırlanan proqramda aktiv iştiraka çağırıb.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanan musiqi nömrələri, milli filmlərdən səhnəciklər və müxtəlif kompozisiyalar nümayiş olunub. Milli və xarici rəqslərdən ibarət fləşmob, interaktiv oyun və viktorinalar tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Sonda “AynaBand” qrupu ifaları ilə tədbirə rəng qatıb.