https://innews.media/uploads/news/2025-12/_innews_0ffa82489b614e859a098b54d_o.jpg
“National H-index Ranking” platforması tərəfindən 2025-ci ilin IV rübü üzrə Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və ali təhsil müəssisələrinin elmi göstəricilərinə əsaslanan reytinq nəticələri açıqlanıb.
Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq elmi bazaların məlumatları əsasında aparılan qiymətləndirməyə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) milli H-indeksi əvvəlki rübün nəticəsi ilə müqayisədə 12-dən 15-ə yüksəlib. Bu göstərici universitetdə son dövrdə elmi fəaliyyətin gücləndiyini və tədqiqat nəticələrinin artdığını təsdiqləyir.
Ümumi elmmetrik göstəricilər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, ADAU ölkə üzrə 40 ali təhsil müəssisəsi arasında əvvəlki rübdə tutduğu 17-ci yerdən 16-cı pilləyə yüksəlib.
Eyni zamanda, “Azərbaycanın ən reytinqli 1000 alim” siyahısında Google Scholar məlumatlarına əsasən ADAU-nun 14 əməkdaşı (II rüb – 12), Scopus məlumatlarına əsasən isə 2 əməkdaşı (II rüb – 1) yer alıb.
Azərbaycan Dövlət Aqrar Universiteti siyahıya daxil olan əməkdaşlarını təbrik edir, onların gələcək elmi fəaliyyətlərində uğurlar arzulayır.