https://innews.media/uploads/news/2025-11/_innews_8d796aa966c84394c152488c4_o.jpg
Bakıda regionun ən böyük təhsil tədbirlərindən biri olan STEAM Azerbaijan (SAF 2025) beynəlxalq festivali keçirilib. Festivalda 22 ölkədən 1400-dən çox iştirakçı, o cümlədən Qazaxıstanın bir sıra aparıcı təhsil müəssisələrini təmsil edən 10 komanda iştirak edib.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel tədbiri ziyarət edərək festivalın təşkili ilə tanış olub. Diplomat qazaxıstanlı komandalarla görüşüb, məktəblilərin yüksək hazırlıq səviyyəsini qeyd edib və onlara yarışlarda uğurlar arzulayıb.
Qazaxıstan komandaları ölkəni layiqincə təmsil edərək müxtəlif kateqoriyalarda yüksək nəticələr göstəriblər. Belə ki, qazaxıstanlı məktəblilər “Robot Competition” yarışlarında 1-ci və 2-ci yerləri, “Robot Competition Kids” yarışlarında 1-ci və 3-cü yerləri, həmçinin “Flytech” və“Boat Racing” yarışlarında 3-cü yeri tutublar.
Qeyd edək ki, STEAM modeli elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat kimi beş əsas istiqamət üzrə tədrisi birləşdirir. “STEAM Azerbaijan” festivalı artıq beş ildir ki, keçirilir və Qazaxıstan məktəbliləri bu beynəlxalq yarışmada ölkəni mütəmadi olaraq uğurla təmsil edirlər.