logo
Kamilə Əliyeva: “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatında mühüm rol oynayır”

Kamilə Əliyeva: “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatında mühüm rol oynayır”

Kamilə Əliyeva: “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatında mühüm rol oynayır” Kamilə Əliyeva: “Azərbaycan Konstitusiyası insan hüquqlarının təminatında mühüm rol oynayır”

XX əsrin əvvəllərində müstəqilliyini elan etmiş və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanunu olan Konstitusiya qəbul edə bilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının tarixi SSRİ tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası respublikamızın SSRİ-nin tərkibinə qəbul edildikdən sonra, 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1925-ci ildə isə SSRİ-nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər qəbul edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nın sonuncu Konstitusiyası qəbul edilir. Məhz ulu öndər Heydər Əliyevin təklifi ilə qəbul edilmiş bu Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" qeyd edilir. Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. 1993-cü ildə ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra, 1995-ci ildə 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktına zidd olmayan hissələr saxlanılmaqla yeni Konstitusiya qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasına 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda səs verənlərin 91,9 faizi lehinə səs vermişdir. Bununla da Azərbaycanın Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin 1996-сı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsi və vətəndaş cəmiyyətinin bərqərar olunması  kimi nəaliyyətlər təsbit olunmuşdur.

Dəyişən sosial-siyasi reallıqlar səbəbindən və əldə olunmuş nəailiyyətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib. 2016-cı il sentyabr 26-da keçirilmiş referendumda Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə edir.

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətlərinin artırılmasına yönəlmişdir.

Konstitusiyamızın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi qəbul edilmişdir. Lakin Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir.

Ulu öndər Heydər Əliyevin siyasətini, ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident cənab İlham Əliyev dövlətçilik və ordu quruculuğu sahəsində misli görünməmiş uğurlara imza atdı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə 2020-ci ildə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.  Bununla da Azərbaycan Konstitusiyası ölkəmizin bütün ərazisində tətbiq olunmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Kamilə Əliyeva,
Bakı Dövlət Universitetinin kafedra müdiri,
professor

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin