https://innews.media/uploads/news/2025-09/_innews_61ebbb166806de01fb2325098_o.jpg
4-5 Oktyabr tarixlərində Azərbaycanda ilk dəfə Heydər Əliyev Fondu, Şamaxı Rayon İcra Hakimiyyəti və Dünya Barbekü Assosiasiyasının aşpazı Don Davidin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Beynəlxalq Barbekü Festivalı baş tutacaq.
Festivalda Ümumdünya Barbekü Assosiasiyası prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı, Beynəlxalq Kulinariya hakimləri, digər fəxri üzvlər başda olmaqla, dünyanın dörd bir yanından olan professional şeflər tərəfindən canlı barbekü bişirmə üsulları nümayiş etdiriləcək.
Həyata keçiriləcək bu qlobal festivalın əsas məqsədi Azərbaycan qonaqpərvərliyini, mətbəxini və milli dəyərlərini dünyaya tanıtmaq, həmçinin, mədəni mübadiləni gücləndirməkdir.
Yaradılacaq xüsusi zonalarda hər biri ayrılıqda olmaqla, Şimali Amerika və Latın Amerikası, Avropa, Afrika, Asiya və eyni zamanda, Azərbaycanın professional şefləri müxtəlif ləzzətləri və xüsusi bişirmə üsullarını bir araya gətirərək öz mətbəx nümunələrini təqdim edəcəklər. Həmçinin, keçiriləcək əyləncəli yarışda media iştirakçılarının professional şeflər qarşısında öz bacarıqlarını nümayiş etdirib, qalib olaraq, mükafat qazanma şansları olacaqdır.
Əlavə olaraq, tədbir müddəti boyunca davam edəcək müxtəlif canlı musiqi proqramları, alov ilə olan xüsusi şoular, rəqs nümunələri,uşaqlar üçün əyləncəli master-klasslar, özünəməxsus dadlar bu festivalın ən unikal və yaddaqalan tərəflərindəndir.
Həyəcan dolu atmosferə sahib bu festivalın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.