https://innews.media/uploads/news/2026-05/_innews_f5826ef62e8df3609b2e7feb0_o.jpg
Azərbaycanın paytaxtı Bakı şəhərində “Türk Mətbəxi Həftəsi” çərçivəsində təşkil olunan tədbirdə ənənəvi türk ləzzətləri təqdim edilib.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın həyat yoldaşı Emine Erdoğanın təşəbbüsü ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il mayın 21-27-də dünyanın müxtəlif ölkələrində qeyd olunan “Türk Mətbəxi Həftəsi” çərçivəsində Türkiyənin Bakıdakı Səfirliyi və Yunus Emre Enstitüsünin Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə proqram keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycan mədəniyyət nazirinin müavini Seadet Yusifova, müxtəlif ölkələrin diplomatik nümayəndələri və millət vəkilləri iştirak ediblər.
Qonaqlara yayla şorbası, yarpaq dolması, çiy köftə, qısır, içli köftə, lahmacun, mantı, təndir kababı, heyva və balqabaq şirniyyatları kimi türk mətbəxinin klassik yeməkləri, desertləri və içkiləri təqdim olunub.
Səfir Birol Akgün tədbirdə çıxışı zamanı Emine Ərdoğanın fikirlərinə istinad edərək bildirib:
“Emine Ərdoğanın da qeyd etdiyi kimi, tariximizin kök saldığı geniş coğrafiyada sivilizasiyaların müdrikliyi ilə yoğrularaq bugünkü harmoniyasına qovuşan türk mətbəxi, mədəni diplomatiya çərçivəsində dünyaya təqdim edə biləcəyimiz ən gözəl hekayələrdən biridir”.
Akgün minilliklər boyu formalaşan zəngin türk mətbəxinin mədəniyyət, ənənə, ictimai irs, hekayəçilik və dərin təcrübənin vəhdəti ilə özünəməxsus inkişaf yolu keçdiyini və bu irsin dünya ilə paylaşılmağa davam etdiyini vurğulayıb.
O bildirib ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində müxtəlif tədbirlərlə qeyd olunan “Türk Mətbəxi Həftəsi” bu il “Miras Süfrəsi” mövzusu altında keçirilir.
“Ənənəvi yeməklər sadəcə reseptlər toplusu deyil. Onlar insanları eyni süfrə ətrafında bir araya gətirən, qarşılıqlı bağlılığı, ortaq anlayışı və aidiyyət hissini gücləndirən türk mədəniyyətinin ayrılmaz hissəsidir”, – deyə səfir qeyd edib.
Birol Akgün nəsildən-nəslə ötürülən zəngin mətbəx irsini əks etdirən, davamlılıq və sıfır tullantı prinsiplərinə əsaslanan sağlam və ənənəvi türk mətbəxini tanıtmaqdan məmnun olduqlarını bildirib.
Mənbə: AA / Ruslan Rəhimov
Ən son xəbərləri səhifəmizdən də izləyin