https://innews.media/uploads/news/2025-09/_innews_66c4459f6e15a6ff0e25ffe71_o.jpg
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ərzində 2 min könüllü fəaliyyət göstərəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova tədbir zamanı bildirib ki, yarış günlərində könüllülərin iştirakı rekord göstərici olacaq:
“Ümumilikdə 31 min nəfər könüllü olmaq üçün qeydiyyatdan keçib. Onlardan 16 min nəfəri müsahibə mərhələsini adlayıb və nəticədə 2 min könüllü seçilib. Bu, Azərbaycan Qran-prisi tarixində rekord göstəricidir”.
O həmçinin qeyd edib ki, sentyabrın 3-dən etibarən Milli Gimnastika Arenasında Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyət göstərir. Hazırda mərkəzdə 140-dan çox könüllü çalışır:
“Könüllülərin dəstəyi ilə minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinə qədər bütün kartlar təqdim olunacaq”.
Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19–21-də keçiriləcək.