https://innews.media/uploads/news/2025-06/_innews_2afbdf4961d9de134490913b1_o.jpg
“AYDANİ” incəsənət qalereyasında azərbaycanlı gənc rəssam Günel Alişanın “Salam, Günel” adlı ilk fərdi sərgisinin açılışı baş tutdu.
Ekspozisiya bir neçə silsilədən ibarət olan 30-dan çox əsəri əhatə edirdi.
Açılış mərasimində çıxış edən qalereyanın təsisçisi və direktoru, rəssam Aydan Məmmədova Günel Alişanın əvvəllər onun tələbəsi olduğunu qeyd etdi və onu bu önəmli yaradıcılıq mərhələsi münasibətilə təbrik etdi.
Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşı, rəqəmsal rəssam və kurator Sevil Kərimova “AYDANİ” qalereyasının gənc istedadları dəstəkləməyə davam etdiyini, onlar üçün fikir mübadiləsi və yaradıcılıq məkanı yaratdığını vurğuladı.
Sərgidə çıxış edən Azərbaycan Rəssamlar İttifaqı sədr müavini, Xalq rəssamı, professor Aqalı İbrahimov, rəssam Firdovsi Atayev, Əməkdar artist, şairə və bəstəkar Elza Seyidcahan və Rasimə Seyidcahan Günel Alişanın sənətə olan marağını, yaradıcı axtarışlarını və inkişaf istəklərini qeyd etdilər, onu şəxsi sərgisi münasibətilə təbrik etdilər.
Günel Alişan qırmızı xalça ilə keçərək qonaqları salamladı və şəxsi sərginin hər bir rəssam üçün vacib mərhələ olduğunu bildirdi.
Rəssam Günel Alişan daxilində yaşadığı emosional dalğalanmalar, həyatda keçirdiyi dərin hisslər vasitəsilə ilham alır. O, içində saxladığı, sözlə ifadə edə bilmədiyi duyğularını və düşüncələrini sərbəst şəkildə kətan üzərinə köçürərək, onları tamaşaçıya birbaşa qəlbdən-qəlbə ötürür. Onun əsərləri insanın daxili aləmini əks etdirən səmimi və təsirli ifadə formasıdır.
Hal-hazırda ABŞ-da yaşayan atası, müğənni Elariz Məmmədoğlu video təbrik göndərmişdi və bu təbrik tədbirdə nümayiş etdirildi.
Daha sonra Günel Alişanın “Nəfəs mübarizəsi” adlı yeni əsərinin imzalanma mərasimi keçirildi.
Bəzi əsərlər kolleksiyaçılar tərəfindən alındı.
Qonaqlara şirniyyatlar və içkilər təqdim olundu.
Sərgi üç gün davam edəcək.
Qalereyanın ünvanı: Sahib Zeynalov küçəsi, 30