https://innews.media/uploads/news/2025-04/_innews_e5311317346bd01523b67421b_o.jpg
Milli kosmik sənayenin yaranması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dönəmində hakimiyyətdə olduğu illərə təsadüf etmişdir. Kosmonavtika sahəsində əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, elmi-texniki əməkdaşlığın beynəlxalq miqyasda genişləndirilməsi və perspektiv tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsinə həsr edilmiş Beynəlxalq Astronavtika Federasiyasının 24-cü konqresi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1973-cü ilin oktyabrında məhz Bakıda keçirilmişdir.
Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə isə Prezident İlham Əliyevin hakimiyyəti illərində açılıb. Sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı məhz bu illərdə özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlamışdır. Digər sahələrdə olduğu kimi kosmik sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olmuşdur. 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmış, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənmiş, 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Azərkosmos artıq qabaqcıl kosmik ölkələrin - ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi” (NASA), “İsrail Kosmik Agentliyi” (ISA), Pakistanın “Milli Kosmik Agentliyi” (SUPARCO), “Türk Kosmik Agentliyi” (TUA), “Braziliya Kosmik Agentliyi” (AEB), Cənubi Afrika Milli Kosmik Agentliyi (SANSA) kimi dövlət agentlikləri ilə kosmik sənayedə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər aparır. Birləşmiş Millətlər Təşkilatının “Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi” (COPUOS) və “Kosmik Məsələlər üzrə İdarəsi” (UNOOSA) və digər platformalar çərçivəsində bir sıra dövlətlərlə əməkdaşlıq edilir.
Peyklərimizin idarə edilməsi ilk gündən xüsusi təlimləndirmə keçmiş Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Əgər Azərkosmos kollektivinə nəzər salsaq, orada istər ucqar kənd, istərsə də şəhər mərkəzlərindən olan məktəblərin məzunlarını görmək olar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın bölgələrində, ən ucqar yaşayış yerlərində məktəblərin tikintisi geniş vüsət almışdır. Qısa müddət ərzində müasir tələblərə cavab verən məktəb binalarının istifadəyə verilməsi ilə Heydər Əliyev Fondu müasir gəncliyin savadlı yetişməsinə, ümumən, respublikamızın inkişafına öz töhfəsini vermişdir. Hazırda bu məktəblərdən məzun olan gənclərin Azərkosmos da daxil olmaqla iqtisadiyyatımızın fərqli sahələrində çalışması insan kapitalına qoyulan investisiyaların artıq öz bəhrəsini verməyə başladığını göstərir.
Daha çox gəncin kosmik sahəyə cəlb edilməsi və marağın artırılması məqsədilə Azərkosmos Elm və Təhsil Nazirliyi ilə birgə 2018-ci ildən etibarən hər il “CanSat Azərbaycan” tələbə model peyk müsabiqəsi keçirir. Bu müsabiqədə Bakı və region universitetlərindən qatılan tələbələrdən ibarət komandalar model peyklər hazırlayır və onları kiçik raketlər vasitəsilə səmaya qaldırır. “CanSat Azərbaycan” müsabiqəsi öz növbəsində Azərbaycanlı gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də müsabiqə qaliblərinə gələcəkdə ölkəmizi bu tipli beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.
Начало формы
Конец формы
Ölkəmizdə gəncləri bir araya toplayan “NASA Space Apps Azərbaycan” hakatonu onlara kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratmışdır. Hər ilin oktyabr ayında keçirilən “Beynəlxalq Kosmos Həftəsi” layihəsi yüzlərlə məktəblini, tələbəni, müəllimi kosmos elmi və təhsili mövzusunda maarifləndirməklə yaranmaqda olan kosmik ekosistemin inkişafına öz müsbət təsirlərini göstərmişdir. Ötən ilin oktyabr ayında “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda paytaxtımızda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan xarici agentlik, şirkət və təşkilatlarla daha sıx əlaqələrin qurulması, ölkəmizə kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə vermişdir. Ölkəmiz kosmik sahədə fəaliyyət göstərən, kosmik sahənin aparıcı qurumlarından - ABŞ-ın “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi” (NASA), “Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı” (ISRO), “Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyi” (JAXA) və sair qurumların 5400-dək nümayəndəsini, o cümlədən 2500 gənc alimi və bu sektorun Elon Musk kimi parlaq simasını bir araya toplayan qlobal konqresə ikinci dəfə ev sahibliyi etmişdir.
Konqresin “tələbələr və gənc alimlər” proqramında 214 elmi məqalə ilə 14 universiteti təmsil edən azərbaycanlı tələbələr ölkəmizin dünyada ABŞ, İtaliya, Çin və Hindistandan sonra beşinci yerdə sıralanmasına səbəb olmuşdur. UNOOSA-nın konqres çərçivəsində keçirilən tədbirində 160 tələbənin, “IPMC” tədbirində 71 tələbənin, elmi sessiyalarda 82 tələbənin, “Astronavtların səfər proqramı”nda 3500 tələbə və gəncin, “İctimaiyyət üçün açıq gün” proqramında 39 ümumtəhsil məktəbini təmsilən 2580 məktəblinin Azərbaycanı təmsil etməsi faktı inkişaf etməkdə olan milli kosmik ekosistemin güclənməsinə öz müsbət təsirlərini göstərmişdir.
Azərbaycanın kosmik sənaye ölkəsi kimi beynəlxalq nüfuzuna birbaşa müsbət təsir göstərəcək on illiklərlə toplanmış təcrübə, gerçəkləşdirilmiş yerli, regional və beynəlxalq proqramlar milli kosmik ekosistemin inkişafı üçün böyük əqli və elmi miras formalaşdırmışdır. Artıq bu mirasın səmərəli, proqramlı, inteqral istifadə edilməsinə zərurət yaranmışdır.
Bu məqsədlə Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində akademik fəaliyyətlə məşğul olacaq davamlı tədris mərkəzinin (bundan sonra: Kosmik Akademiya) yaradılması konsepsiyası işlənib hazırlanmışdır. Belə ki, Kosmik Akademiya yeni kosmik nəsil gənclərin yetişməsi üçün bu cür layihələrin davamlı olaraq keçirilməsinə imkanlar yaradacaqdır. Hətta gələcəkdə anoloji beynəlxalq kosmik müsabiqələrin milli model əsasında ölkəmizdə keçirilməsi üçün artıq imkanlar vardır. Buna misal olaraq “İsrail Kosmik Agentliyi” (ISA) ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Olimpiada” (International Space Olympics), “Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu” (APRSAF) ilə əməkdaşlıqda “Beynəlxalq Kosmik Poster Müsabiqəsi” (APRSAF Space Poster Competition), Beynəlxalq Kosmik Təhsil Şurası (ISEB) ilə əməkdaşlıqda “Kosmik Sahədə Beynəlxalq Tələbə Təcrübə Mübadiləsi” (ISEB International Space Internship for Students) kimi təşəbbüsləri göstərmək olar.
Kosmik Akademiyanın konsepsiyasının hazırlanmasında Beynəlxalq Kosmik Təhsil Şurasına (ISEB) üzv olan 10 beynəlxalq kosmik agentliyinin (NASA, ESA, JAXA, UAESA və s.) akademik fəaliyyəti nəzərdən keçirilmişdir. Belə ki, ISEB-in məqsədi (1) elm, texnologiya, o cümlədən müxtəlif STEM fənləri üzrə kosmosla bağlı savadlılıq nailiyyətlərini artırmaq və daimi və assosiativ üzv olan akademiyalar arasında genişləndirilmiş əməkdaşlıq mexanizmini təmin etmək, (2) kosmik proqramların gələcək işçi qüvvəsi ehtiyaclarını dəstəkləməkdir.
Kosmik Akademiya aşağıda qeyd edilən 5 əsas vəzifəni icra edəcəkdir:
1. Cəmiyyətin kosmos elmi və təhsili istiqamətində ehtiyac və tələbləri nəzərə alınmaqla mövcud maarifləndirmənin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etmək, bununla da ölkənin elmi-texniki inkişafına xidmət etməklə milli kosmik ekosisteminin inkişafına birbaşa faydalar vermək;
2. Dayanıqlılığı təmin etmək məqsədilə kosmik maarifləndirici layihələrə sərf edilən vəsaitlərin kommersiya fəaliyyəti ilə geri qaytarılmasını təmin etmək;
3. Müvafiq sahədə elmi tədqiqatların aparılmasına dəstək vermək və kadr potensialını inkişaf etdirmək;
4. Müvafiq sahədə gənclərin asudə vaxtını səmərəli təşkil etmək və bununla da gənclər siyasətinə dəstək göstərmək;
5. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək vermək, kosmos diplomatiyası və iri həcmli beynəlxalq kosmik layihələrdə iştirakını təmin etmək.
Müasir dövrün tendensiyası onu göstərir ki, daha effektiv, kommersiya baxımından daha sərfəli və sürətli rəqəmsal və fiziki həllər təklif edən kosmik akademiyaların kosmik sənayedə əhəmiyyəti və bazar payı ildən-ilə artır. “Yeni kosmos” adlanan bu sektor son dövrlərdə əhəmiyyətli investisiyalar cəlb edir - yeni texnologiyalar və metodlar köhnəlmiş sistemləri sıxışdırdıqca ənənəvi kosmik sənaye böyük dəyişikliklərə məruz qalır. Bu dəyişikliklərin mahiyyəti kosmosu və kosmik maarifləndirməni daha ucuz, sadə və əlçatan etməkdən ibarətdir.
Qeyd olunanları nəzərə alaraq, kosmos elminin və təhsilinin getdikcə daha əlçatan olması onu istifadəçilər üçün adiləşdirir, əlçatan “əmtəə”yə çevirir. Beləcə, yaşadığımız rəqəmsal dövrün əhəmiyyətli bir reallığı kosmos bazarında da özünü göstərmiş olur – yeni dəyərlər artıq sektorun infrastruktur (raketlər, peyklər, yerüstü stansiyalar və s.) tərəfində deyil, həmin infrastruktur vasitəsilə əldə edilən informasiyanın, maarifləndirici, əqli proqramlarının inteqral həlləri nəticəsində yaradılır. Bu baxımdan Kosmik Akademiya fiziki fəaliyyəti ilə bərabər, rəqəmsal olaraq da dünyanın, ən əsası regionun türk dost ölkələrinin 21 tanınmış universitetinin (Boğaziçi Universiteti, İstanbul Texniki Universiteti, Nazarbayev Universiteti, Turin Politexnik Universitetinin Daşkənd kampusu və s.) təqdim etdiyi onlayn kosmik platformalar ilə əməkdaşlığı nəzərdə tutulmuşdur.
Beləliklə, şərqdən qərbə uzanan İpək Yolunun üzərində yerləşən Azərbaycanın kosmik qovşağa çevrilməsində kosmik sənayenin və ekosistemin ayrılmaz, tərkib hissəsi olan Azərkosmos-un nəzdindəki kosmik akademiyanın müstəsna rolu olacaqdır.