logo
Gəlişin mübarək, qədəmin uğurlu Əsgər balam!

Gəlişin mübarək, qədəmin uğurlu Əsgər balam!

Gəlişin mübarək, qədəmin uğurlu Əsgər balam! Gəlişin mübarək, qədəmin uğurlu Əsgər balam!

Bu danılmaz bir faktdır ki, gənçlərimizin hamısı ali məktəbə yalnız təhsil, elm almaq üçün gəlmir. Bəziləri diplom üçün, bəziləri valideyinlərinin xatirinə və s. və i. Xoşbəxtlikdən bura elm, təhsil, ədəb-ərkan dalınca gələnlərdə var və buraya MƏBƏD kimi müqəddəs baxanlarda.

Görkəmli nəzəriyyəci alim professor Cahangir Məmmədlinin təbrincə desəm “Əsgər lap elə birinci kursdan peşəkar jurnalist kimi tanınmaqdadır”. Mən isə Əsgərin özü və yaradıcılığı ilə tanış olandan bu qənayətə gəldim ki, Əsgər elə ağlı kəsəndən, sözün məsuliyyətini dərk edəndən bu peşənin yolçusudur.

Sözündə, əməlində xüsusi bir “universitet patriotizmi hiss olunan” Əsgər İsmayılovla ilk tanışlığım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oldu. Beş il bundan əvvəlin sözüdür. Qiyabi şöbədə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı” adlı fənni tədris edirdim. İlk dərs zamanı fənnin tədrisinə başlamamışdan əvvəl auditoriyaya belə bir sual ünvanladım. “Niyə məhz jurnalist peşəsini secdiniz?” Cavablar müxtəlif oldu. Peşəni sevərək gələnlərdə, təəssadüfən seçənlərdə...

Auditoriya ilə ilk tanışlıqda Əsgər İsmayılovun təkcə cavabı yox, həm də mütaliyəsinin genişliyi, ədəb-ərkanı, sözə vurğunluğu, hazırcavablığı, klassikaya münasibəti diqqətimdən yayınmadı. Növbədi dərs zamanı aydın oldu ki, Ə. İsmayılov hələ BDU-nun Jurnalistika fakültəsinə qəbul olmamışdan əvvəl dövrü mətbuatda çap olunur. Odur ki, növbəti dərslərdə Əsgərə ilk sualım bu olurdu. “Əsgər təzə nə yazmısan? Beləliklə, yalnız mən deyil, Jurnalistika fakültəsində Əsgərə münasibət yalnlız müəllim-tələbə deyil, həm də həmkar münasibəti oldu.

Həmkarım Əsgər İsmayılovun “Məbəd” esselər toplusu qarşımdadır. O, toplunu özü demiş “maarif, mədəniyyət, ədəb-ərkan çırağının şölə saçan məbədi” Bakı Dövlət Universitetinin 105, Jurnalistika fakültəsinin 55 illik yubileyinə həsr edib. 

Doğrusunu deyim ki, diqqətimi daha çox kitabın adı cəlb etdi MƏBƏD. Yadıma 2011-ci ildə “Universitetlərin Şahı, Universitetim-BDU” adlı məqaləm düşdü. “Avropa ilə Asiyanın qovşağında parlayan bu məşəl” xalqımızın maarifində, elmində, mədəniyyətində əbədi bir məşələ çevrilərək qəlbimizi, şüurumuzu nura qərq etdi. Yəqin ki, bu fikrimə görə dünənki institutlar, bugünkü universitetlər məndən inciməzlər. Axı onlar hamısı BDU-nun “şinelindən çıxmışlar”.

“Universitet patriotizmi” olmaq Əsgərə müəllimlərindən, ailəsindən, babası, qabaqcıl maarif işçisi İslam Əliyev tərəfindən keçibdir desəm məncə yanılmarıq. Çünki, Əsgərin göz açdığı, tərbiyə aldığı ailə, formalaşdığı mühit elm, urfan sahiblərinin məkanı olub. Odur ki, “Məbəd”i oxuduqca hər sözün də, hər fikrin də “universitetimizin Əsgəri”nin söz dünyası, sözə məsuliyyəti, özünəməxsus orijinal yaradıcılıq üslubu ilə yanaşı ədəb-ərkanı gözlərim önündə canlanırdı.

Gənc yazar sanki hər sətrində bu müqəddəs “MƏBƏD”i yaradanlara, yaşadanlara sevgisini, sayğısını söz ilə vəsf edir, ucaldır və onu “Milli xəzinəmizin cövhəri”nə bənzədir. “Tələbəni Vətənə sevgi üstə kökləyən -MƏBƏD” adlandırır. Heç də təsadüfü deyil ki, kitabdakı məqalələrin əksəriyyəti də BDU-nun tarixinə, bugününüə həsr edilib.

Ə.İsmayılov üçün yaradıcılıq “yazmaq, yaratmaq və yaşatmaq” deməkdir. O, yazılarında Vətənini, Bayrağını, Zəfərini, millətini, maarifini, dəyərlərini yaşadır. “Vətən, universitet, bir də tələbə sevgisini batinində yaşadan usdad!” məqaləsində gənc jurnalist bir daha bunları sübut edir.

Əsgərin yazılarında daha çox oxucunun diqqətini cəlb edən məqamlardan biri də onun orijinal sərlövhələridir. “Anlamaq dərdini anlamaq səadətinə çevirən adam”, “Pirani fakültənin nurani ismi”, “İstibdad qaranlığından İstiqlal aydınlığına”, “Şərqdə doğulub Qərbdə batmayan günəş”, “Zəfərin və səfərin 28 may səhəri”, “Əyan və bəyan ifadəsinə rezüme” və s. Burada gənç yazarın sözə həm ehtiramla yanaşması, həm də şairanə, obrazlı şəkildə özünəməxsus seçimi var.

Əsgər gənç olmasına baxmayaraq yaradıcılığında klassikaya geniş yer verib. “Ədəbiyyat xalısına mənəviyyat ilmələrilə naxış vuran ədib” adlandırdığı görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq “qələm və mənəviyyat adamı” Mir Cəlal Paşayevin söz və öz dünyasını ustalıqla aça bilib.

Ə.İsmayılov “Əli bəy Hüseynzadə: 160, yaxud o ömrün içində 60”, “Milli yaddaşda: dərc və dərk edilmək” adlı məqalələrində “Millətin təfəkkür xəzinəsi” (Ofeliya Bayramlı) adlandırılan “Füyuzat” ədəbi məktəbinin bizə miras qoyub getdiyi, bitib-tükənməz xəzinədən bəhs edir və sonda gənclərimizi klassiklərimizin amalına və əməlinə sadiq, layiq varis olmağı tövsiyyə edir. O, sovet dönəmində füyuzatçılara qarşı olan ideoloji baxışlara da öz münasibətini bildirir və bu gün onların öyrənilməsi, tədqiq, təqdimi sahəsindəki müsbət təcrübəni alqışlayır.

Ümumiyyətlə, Əsgərin istər klassikaya, istər müasirliyə həsr etdiyi məqalələrini oxuyarkən, görkəmli mühacirşünas alim, professor Abid Tahirlinin “nəsillərarası irs-varislik əlaqəsi qırılsun, sələf-xələf münasibətləri möhkəm tellərlə əlaqələnsin” tövsiyyəsini xatırladım.

Əsgərin “Kitab bağışlamağı ənənəyə çevirək” adlı məqaləsində gəncliyə bir cağrış var. “Kitab bağışlamaq böyüklüyümüz, ucalığımız, savabımızdır” söyləyən müəllif kitabı haqlı olaraq mənəvi dünyamızın əvəzsis xəzinəsi adlandırır və o kitaba daha yaxın olmağı tövsiyyə edir ki, “Milli varlığımızın şah əsəri-Ana dilim”izi yaşadaq, qoruyaq. Ana dilimiz həm də milli kimliyimizdir. Kimliyimizi yaşatmaq isə bizim mizana, ölcüyə gəlməyəcək dərəcədə böyük, müqəddəs vətəndaşlıq borcumuzdur. Gənç yazar bunu tələb edir, gənclikdən. Tək bunumu tələb edir? Yox!

“Üçrəngli bayrağa sarınan gənclik” adlı məqaləsində gəncliyi bu bayrağı daima ucaltmağa, yaşatmağa səsləyir. “Məbəd”i oxuyarkən həm də bu qənayətə gəldim ki, jurnalistikamızın, sözümüzün keçiyini çəkən bir Əsgər gəlir sıramıza. Gəlişin mübarək, qədəmin uğurlu, Əsgər balam!

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist

 

Qürurla yazdığım sətirlər

Doğrusunu deyim ki, çox kitablar haqqında məqalə yazmışam, fikir söyləmişəm. Amma Əsgər İsmayılovun “Məbəd” esselər toplusu haqqında bu məqaləni yazarkən daha çox qürurlandım. Əvvala ona görə ki, bu əsərin ərsəyə gəlməsində Bakı Dövlət Universitetinin, Jurnalistika fakültəsinin bir çox müəllim-professor heyəti kimi, mənim də öz payım var. Çünki, Əsgər tələbəmiz olub. Ona jurnalistikanın özünəməxsusluğunun, janrlarının, dil-üslubunun, sənətkarlıq xüsusiyyətlərinin öyrədilməsində az da olsa mənim də əməyim var. Və tələbə ikən belə bir kitab ərsəyə gətirməsi, həm də jurnalistikamıza, publisistikamıza özünəməxsusluğu ilə secilən bir qələm əhlinin gəlməsindən xəbər verir. Bu isə bizim qürürumuzdur.

Ə.İsmayılov həyatda necə var, yaradıcılığında da eynən elədir. Ədəb-ərkan məsələlərinə çox bağlı olan Əsgər yazılarında da mənəviyyat, tərbiyə məsələlərinə geniş yer verir. Kitabında elə mən də daxil olmaqla fakültənin bütün müəllim-işçi heyəti haqqında bir-birindən maraqlı, məzmunlu məqalələr verib. Əsgər sanki bununla universitetə, fakültəyə, bütövlükdə jurnalistikaya olan sevgisini, sayğısını bildirib.

Professor Cahangir Məmmədlidən, Nəsir Əhmədlidən, Akif Rüstəmlidən tutmuş, fakültənin ağbirçəyi Xalidə Cavadovaya kimi hər kəsə öz söz dünyasında yer verib. Onun müəllimlərinə olan mənəvi bağlılığı sevgisi, hörməti “Bütün xəzinələrin ən qiymətlisi: müəllim və zaman” adlı məqaləsində necə gözəl şərh edilib.

Əsgər “Gerçəkliyin gerçək adı: gerçəklər” məqaləsində Azərbaycan Dövlət Televiziyasında (AzTV) axşam efirində yayımlanan “Gerçəklər” adlı verilişdən söhbət açır. O, verilişin məzmununu, formasını, aparıcıların mövzuya yanaşmasını elə ustalıqla açıqlayır ki, sanki, illərin telejurnalistidir.

“Ömür salnaməsinə prelüdiya” və “Monoqrafiyanın paradiqmatik quruluşu” adlı məqalələrində müəllif mənim həyat və yaradıcılığımdan bəhs edir. Mənə elə gəlir ki, haqqımda yazılan bütün məqalələrdən bu məqalələr fərqlənir. Çünki, burada söylənilən ən xoş, səmimi fikirlər hələ söz dünyasına yenicə qədəm qoyan bir jurnalistə məxsusdur.

Ə.İsmayılovun məqalələrini oxuduqca bəlli olur ki, o gənc bir yazar olmasına baxmayaraq, oxucusunun hisslərinə təsir edə bilir, sözün qüvvəsindən çox məharətlə istifadə edərək onun ruhunu, qəlbini çoşa gətirir. 44 günlük Zəfərimizə həsr etdiyi məqalələri məhz bu motivlər üzərində yazılıb. “Qarabağın zəfər tonqalı...”. “Şuşanın xarıbülbülü, Qədrin sona bülbülü”, “Qələmi və qəlbi qələbə müjdəli şair” esselərində yurd-yuva yanğısı ilə alışıb-yanan soydaşlarımızın Zəfər sorağını, qələbə müjdəsini sehirli sözün gücü ilə hissini, həyacanını, duyğusunu bütün varlığı ilə oxucusuna bəyan edir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına həsr etdiyi yazıları müəllifin bir vətəndaş, varis olaraq layiqli, qədirli münasibətinin təzahürüdür. O, “biz varislər Sizin ruhunuzu ləyaqət və layiqincə uca tutur və yaşadırıq!”-söyləyərək sanki onların ruhunu rahatlayır. Ə.İsmayılov hələ gənc bir yazar olmasına baxmayaraq onun məqalələrində, esselərində, yazılarında irəli sürülən ideya, problem ciddi olduğu qədər də əhəmiyyətlidir, aktualdır.

Bu bütün yazarlara aydındır ki, “söz sahibinin ən zəif və ən zərif yeri imzasıdır”. Əsgər gənc yazar olmasına baxmayaraq imzasına, sözünə hörmətlə, sayğılə yanaşır. Dahilər demiş, “imzasına sahib çıxmağı bacarır”. Bu çox yaxşı nüyansdır. Müəllifdən həm sözünə məsuliyyətlə yanaşmağı tələb edir, həm də imzasının sambalını artırır.

Müraciət etdiyi mövzulara məsuliyyətlə yanaşdığı üçün hamısında qələmini uğurla sınayır. Əsgər bir gənc yazar olaraq ünsiyyət qurduğu, təmas yaratdığı insanların daxili aləmini, hiss-həyacanını duyur, görür və sözün qüdrəti ilə onu vəsf edə bilir. “Yüyürdüm yüyürük yerinə”, “İnsan nə “yeyir”, “Bir “qardaş” deyənim olmadı”, “Həyat güzgüsü” və s. esseləri buna sübutdur.

Gənc yazarın öz təbiəti kimi yaradıcılığı da çox sadə və səmimidir. Amma müəllif yeri gəldikcə problemlərə, nöqsanlara qarşı sətiraltı münasibətini də bildirir, təhlil edir, dəyərləndirir. Fərq etməz müəllif nədən yazsa eyni istək, eyni həvəs və eyni məsuliyyətlə yazır.

Ə.İsmayılov gənc jurnalist kimi, cəmiyyətdə baş verən bütün hadisələrə öz münasibətini bildirir. Kecən il ölkəmizdə yüksək səviyyədə kecirilən beynəlxalq tədbir “COP -29”a həsr etdiyi “Bəşər üçün:yaxşılığın və yaşıllığın Azərbaycan modeli” adlı məqalədə müəllif haqlı olaraq qeyd edir ki, bu tədbir həm də “Azərbaycanın turizm potensialını nümayiş və inkişaf etdirəcək”. Burada maraqlı və diqqətçəkən odur ki, müəllif bu tədbirin ictimaiyyət arasında necə böyük nüfuz qazanmasını da diqqətdən yayındırmır.

Əlbəttə kitab və onun müəllifi haqqında daha xoş sözlər söyləmək olar. Amma mənə elə gəlir ki, oxucu özü “Məbəd”i oxumaqla bu xöz sözlərin şahidi ola bilər. Odur ki, sonda oxucumu “Məbəd”lə baş-başa qoyuram. Müəllifə isə yeni və daha məzmunlu əsərlərlə oxucusunun görüşünə gəlməyi diləyirəm.

Sevil Həsənova

Filologiya elmləri doktoru, professor

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media