https://innews.media/uploads/news/2025-01/_innews_a96ec29e7cb9dc4edf3c4aa6f_o.jpg
“İnsan həyatda səhvlərindən dərs alır. Dərs alan, düşünən beyin dərs alır. Ulaq kimi o palçığa təkrar girmir. Düşünməyən insan isə fikirləşirəm ki, dərs almaz. Beyin yoxdursa, ona nə deyim?”.
innews.media yazır ki, bu sözləri “Pərvizə görə”də Əməkdar artist Sənubər İsgəndərli deyib.
Gənclərdən söz açan aktrisa bəzilərinin məsləhət istəmədiyini deyib:
“Ümumiyyətlə, ağıl öyrətməkdən uzağam ki, kimisə qoyum qarşıma deyim, həyat budur, belə etməlisən, biz belə emtişik. Əsasən analar qızlarına deyir, ana olarsan, bilərsən. İndi qızım övladına deyir.... Ağıl öyrətməklə o insan ağıllı olmayacaq, xüsusilə də gənc götürməyəcək. Biz də gənc olmuşuq, nəsə deyirdilər, bu qulağımızdan alıb o birindən verirdik. Kömək etmək istəyirsənsə, necəsə onun yolunu dəyişdirə bilərsən. Bunu ona hiss etdirmədən etmək olar. Tanımadığım insana, məsləhət almaq istəməyənə ümumiyyətlə ağıl öyrətmərəm. Çəkiliş meydançasında gənc aktyor-aktrisalar görürəm, eləsi var, mənə yaxın durmur. Amma görürəm, səhv oynayır. İçimdə qurdalanıram ki, bəlkə yaxınlaşım deyim, ay bala sən düz oynamırsan. Görürəm onun vecinə deyil, özünü rahat his edir. Amma yaxınlaşan insana canla-başla 1-2 saat dərs keçim, yorulmaram. Gənclərdə əvvəl belə aqressiya yox idi. Onu pis niyyətlə deyə bilmərəm. Niyə? Çünki o, gəncdir, onun obrazını oynamayacağam ki... Niyə mane olmalıyam ki? Bizə də kimlərsə kömək edib. Mən səhnəyə gələndə kimlər var idi... Hamıya aşağıdan yuxarı baxırdın ki, onlarla səhnəyə çıxacam. Mən ilk dəfə səhnəyə çıxanda qarşımda Həsənağa Turbaov, Amaliya Pənahova , Fuad Poladov idi. Əlim ayağıma dolaşmışdı, dilim söz tutmurdu. İlk tamaşam idi. Özü də aktrisa xəstələnmişdi, ikinci kurs idim, gətirdilər məni, sözləri verdilər ki, əzbərlə, sabah tamaşa oynayacqsan. Təsəvvür edin, heç bir səriştəsi, təcrübəsi olmayan insan qarşında da sadaladığım şəxslər... “Şeyx Xiyabani” tamaşası idi, Səhər obrazı var idi. Rafael Dadaşovun sevgilisini oynayırdım. Mən özümü itirmişdim sözü çox zəif qalar. Mənə necə kömək etdilər, Həsənağa Turabov dedi, qorxma, buradayam, Fuad Poladov əlimdən tutub aparırdı ki, qaranlıqdır, yıxılarsan, yerin buradandır, buradan çıx. Bunu görmüşəmsə, niyə bu gün etməyim? İnsan yaşadığını yaşadır. Mən də yaşadıqlarımı yaşadıram”.
Ən son xəbərləri səhifəmizdən də izləyin