3 dekabr dünyada Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) fəaliyyətində nəqliyyatda maneələri aradan qaldırmağı, mobilliyin hər kəs üçün əlçatan olmasını hədəfləyir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir, fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlərini inkişaf etdirir.
Fiziki məhdudiyyətli sərnişinlərin hərəkət rahatlığını təmin etmək üçün stansiya və vağzallarda taktil lövhələr, lift və panduslar quraşdırıb. Eyni zamanda, müasir qatarlarla hərəkəti asanlaşdırmaq məqsədilə “Brayl” əlifbasından və səsləndirmələrdən geniş istifadə edilir. Həmçinin görmə məhdudiyyətli sərnişinlər üçün vağzal və platformalara onları müşayiət edən ev heyvanı ilə daxil olmaq imkanı yaradılır.
Əlilliyi olan hər hansı bir şəxs əvvəlcədən ADY-nin 1822 qaynar xətti ilə əlaqə saxlayaraq onun qatara minib-düşməsi üçün dəstək istəyə bilər.
Fiziki məhdudiyyətli şəxs qatarda gedirsə, əl yükü normasından artıq əlil arabalarının daşınmasına icazə verilir.
Hazırda Bakı-Sumqayıt-Bakı, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən “Stadler” şirkətinin oturacaq tipli qatarlarında fiziki məhdudiyyətli şəxslər üçün xüsusi yerlər ayrılıb.
Bundan başqa, ADY həssas qrupların cəmiyyətə sürətli inteqrasiyası məqsədilə nəqliyyat sahəsində fəaliyyət göstərən tərəfdaşların iştirakı ilə davamlı tədbirlər təşkil edir, sərnişindaşıma sahəsində hamı üçün əlçatan mobillik haqqında məlumatlılığı artırmaq və daha inklüziv mühitin yaradılmasını təmin edəcək infrastruktur barədə yeni təşəbbüsləri təşviq edir.
ADY-nin əsas dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində sosial qruplarla iş, xüsusilə sərnişin qatarlarından istifadə edən və autizmdən əziyyət çəkən insanlara diqqət və qayğının göstərilməsi, xidmətlərin bu qrup insanlar üçün əlçatan olması istiqamətində qatar heyətinə mütəmadi olaraq təlimlər keçirilir.
Həmçinin autizmli şəxslər sürət qatarları ilə səyahət təcrübəsi yaşayıblar. Müasir qatarlar rahat və səssiz olması baxımından mütəxəssislər tərəfindən autizmli şəxslərin dost nəqliyyat növü seçilib.
Qeyd edək ki, ADY 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla fəaliyyətində ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini rəhbər tutur, ölkəmizdə inklüziv cəmiyyətin qurulması naminə təşəbbüsləri dəstəkləyir. Şirkət bundan sonra da bu sahədə tərəfdaşlıqların qurulmasında və sərnişinlər üçün təhlükəsiz və etibarlı nəqliyyatın yaradılması istiqamətində səylərini davam etdirəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin