logo
Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət məhsullarını tətbiq etməkdə maraqlıdır

Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət məhsullarını tətbiq etməkdə maraqlıdır

Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət məhsullarını tətbiq etməkdə maraqlıdır Afrika ölkələri Azərbaycanın rəqəmsal hökumət məhsullarını tətbiq etməkdə maraqlıdır

COP29 çərçivəsində Afrikada iqlim fəaliyyətini təşviq edən beynəlxalq tərəfdaşlıqların və resursların inkişafına həsr olunmuş silsilə tədbirlər keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva Afrika pavilyonunda təşkil olunmuş tədbirdə çıxış edib.

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında qurumlararası əməkdaşlığın önəmini vurğulayan İ. Vəliyeva bildirib ki, təmsil etdiyi qurum özəl biznesin rəqəmsal həllərinin də dövlət xidmətlərinə inteqrasiyasının həyata keçirilməsində fəal rol oynayır. Çıxışı zamanı Agentliyin sədri İRİA-nın timsalında Azərbaycanın son iki əldə etdiyi qabaqcıl təcrübənin Afrika ölkələri ilə paylaşılmasının mümkünlüyünü xüsusilə qeyd edib: “Afrika qitəsindən olan ölkələr bizim rəqəmsal hökumət məhsullarına maraq göstərir və biz həm rəqəmsal həllərin tətbiqi, həm də rəqəmsal transformasiyanın tənzimləmə mexanizmləri istiqamətində təcrübə mübadiləsini həyata keçirməyə hazırıq”. İ. Vəliyeva “mygov”, Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) və “digital.bridge” kimi vətəndaşmərkəzli rəqəmsal həllərin rahatlıq, şəffaflıq və effektivliyə səbəb olması ilə yanaşı, ətraf mühitin qorunmasına müsbət təsir göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məsələn, RSD sayəsində ildə 2 000 və “digital.bridge” ilə ildə 10 000 civarında ağac qorunur.

Afrika pavilyonunda baş tutmuş tədbirdə, həmçinin İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro, Beynəlxalq Maliyyə Korporasiyasının innovasiya və biznesin inkişafı üzrə baş meneceri Diep Nguyen-van Hout, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin katibi Yoxen Flasbart və Avropa Yenidənqurma və İnkişaf Bankının dayanıqlı biznes və infrastruktur üzrə direktoru Canpierio Naççinin iştirakı ilə çıxışlar və panel sessiya keçirilib. Afrikada iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi nəzərə alınmaqla dayanıqlı inkişafın təmin edilməsi kontekstində energetika, qida təhlükəsizliyi, resurslardan səmərəli istifadə, iqlim maliyyəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

COP29 çərçivəsində keçirilən digər tədbirdə İRİA-nın Rəqəmsal və biznes transformasiyanın idarəolunması departamentinin müdiri Elnur Məmmədli çıxış edərək, Azərbaycanda yaradılmış dörd rəqəmsal hökumət məhsulu (“mygov”, RSD, “digital.bridge”, “digital.login”) haqqında ətraflı məlumat verib. 

Çıxışı zamanı Elnur Məmmədli bildirib ki, bu rəqəmsal həllər dövlət qurumları arasında kağız istifadəsini minimuma endirir və hər il minlərlə ağacın qorunmasına şərait yaradır. “Rəqəmsal dövlət xidmətləri həm də fiziki xidmət mərkəzlərinə getmək üçün nəqliyyatdan istifadənin və beləliklə karbon qazı emissiyasının azalmasına da ciddi təsir göstərir”, - deyə E. Məmmədli qeyd edib və Azərbaycanın müsbət təcrübəsi nəzərə alınmaqla Afrika ölkələrində də tətbiqinin mümkünlüyünü vurğulayıb.

Panel sessiyası zamanı Azərbaycanın təklif etdiyi rəqəmsal hökumət həllərinə maraq göstərən iştirakçıların sualları cavablandırılıb, potensial tərəfdaşlıq üçün imkanlar müzakirə edilib. 

Tədbirdə, həmçinin Afrika İqlim Fondunun baş icraçı direktoru Lai Yahaya, Danimarkanın “State of Green” təşkilatının “yaşıl” artım üzrə rəhbəri İv Nilson, Qlobal Sement və Beton Assosiasiyasının dayanıqlılıq üzrə direktoru Endryu Minson və Nigeriyanın Federal Büdcə və İqtisadi Planlaşdırma Nazirliyinin daimi katibi Emeka Vitalis Obi də çıxış ediblər. Çıxışlar zamanı müvafiq qurum və təşkilatların Afrika ölkələrində ekoloji çağırışların həllinə yönəlmiş təşəbbüs və layihələri haqqında bəhs edilib. Qeyd edək ki, tədbirdə Nigeriyanın dövlət qurumları və özəl sektor, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Afrika ölkələrindən olan nümayəndələrin iştirakı ilə keçən növbəti tədbirdə İRİA sədrinin müşaviri Salar İmaməliyev iştirak edib. O, Uqandanın dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin də qatıldığı panel sessiyasında Azərbaycanın rəqəmsal həlləri, bu həllərin xüsusilə də Afrika ölkələrində tətbiqi barəsində öz fikirlərini paylaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin