Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Bu tarixdə dünya azərbaycanlılarının qürur mənbəyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri erməni işğalından azad edildi. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin.
Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz.
Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.
Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.
Ulu öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi.
Cənab İlham Əliyev Ulu öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətini yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.
Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra bəziləri düşünürdülər ki, 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra qalan torpaqlarımız geri alınmayacaq. Prezident cənab İlham Əliyev bütün çıxışlarında Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırmışdır ki, bir qarış torpağımız belə düşməndə qalmayacaq. 2023-cü il sentyabrın 15-20-də Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 48 dəqiqə ərzində Qarabağdakı erməni hərbi birləşmələrini və onlara məxsus hərbi texnikalarını məhv etdi. Separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. Bununla da Azərbaycanda separatizmin kökü tamamilə kəsildi. Prezident cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əskəran və Ağdərədə Dövlət Bayrağımızı dalğalandırdı və dövlət suverenliyimiz tam bərpa olundu.
Şuşa şəhəri öz tarixi görkəmini saxlamaqla dünya şəhərsalma prinsiplərinə əsasən yenidən qurulur. Artıq Şuşa şəhərinin sakinlərinin bir hissəsi öz doğma evlərinə dönüblər. Bu gün Şuşa öz füsünkarlığı ilə hər kəsi heyrətləndirir.
Prezident cənab İlham Əliyevin 2021-ci il Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında "Şuşa ili" elan edildi. Prezidentimizin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 8 noyabr Şuşa şəhəri kimi qeyd olunur.
2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 21 noyabr tarixli Sərəncamına əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdir.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev dəfələrlə Şuşa şəhərinə səfər etmiş, bir çox sosial, mədəni, tarixi, dini abidələrin bərpası və yenidənqurmasından sonra açılışlarında iştirak etmişdir. Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazmaqda davam edir. Bu şanlı tarix bugünkü nəsillərlə yanaşı gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor
Ən son xəbərləri səhifəmizdən də izləyin