Sentyabrın 30-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dövlət Himni səsləndirildikdən sonra çıxış edən spiker Sahibə Qafarova payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib və sessiya dövründə fəaliyyətlərinin səmərəli olmasını arzulayıb.
Parlamentin sədri Yeddinci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
Spiker qeyd edib ki, sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, parlament üzvləri olaraq, biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın.
Spiker bildirib ki, o, birinci iclasda etdiyi çıxışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarını bölüşüb. Milli Məclisin sədri qısa olaraq bir daha qeyd edib ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq.
Milli Məclisin sədri bildirib ki, parlamentin gücü onun kollektiv zəkasındadır. Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda, Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir.
Spiker Sahibə Qafarova möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclisin öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, bizim payız sessiyamız Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür. Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirmiş, torpaqlarımızın 30 illik işğalına son qoymuşdur.
Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi.
Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır.
Milli Məclis sədrinin çıxışı alqışlarla qarşılanıb.
Sonra spiker bildirib ki, Milli Məclisdə gözəl bir ənənə yaranıb. O da ondan ibarətdir ki, hər çağırışın birinci sessiyasının əvvəlində millət vəkillərinə deputat vəsiqələri təqdim edilir.
Daha sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə qələbə qazanan millət vəkillərini təbrik edib. O, bu seçkilərin Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, cari ilin fevral ayında keçirilmiş Prezident seçkilərindən sonra, budəfəki parlament seçkiləri də müasir Azərbaycanın bütün suveren ərazisində yüksək səviyyədə təşkil olunmuşdur.
MSK sədri seçkilərə hazırlıq dövründə seçki komissiyalarının səmərəli fəaliyyəti, namizədlərin təbliğat-təşviqat kampaniyası üçün yaradılmış şərait, seçki dairələrində və məntəqələrdə səsvermə prosesinin izlənilməsi üçün veb-kameraların quraşdırılması, digər görülmüş işlər barədə ətraflı məlumat verib. O, seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilərin dəvət olunduğunu, bununla yanaşı yerli müşahidəçilərin də seçkilərdə fəal iştirak etdiyini söyləyib. Milli Məclisə növbədənkənar seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini qeyd edən Məzahir Pənahov seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə ətraflı baxıldığını, müvafiq qərarların qəbul edildiyini deyib.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin sədri Sahibə Qafarovaya, parlament sədrinin birinci müavini Əli Əhmədova, sədr müavinləri Ziyafət Əsgərova, Musa Qasımlıya, Rafael Hüseynova və digər millət vəkillərinə deputat vəsiqələrini təqdim edib.
Vəsiqələrin təqdimatından sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün 17 məsələ müzakirə olunacaq. O, qeyd edib ki, gündəliyin ilk 15 məsələsi Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi ilə bağlıdır.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvlərinin seçilməsi haqqında qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, parlamentin qanunvericilik qovluğunda möhtərəm cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında göndərdiyi bir sıra layihələr var. O, komitələrin bu layihələri müzakirə edib Milli Məclisə təqdim etmələrini, habelə payız sessiyası üçün özlərinin iş planlarını tərtib etmələrini xahiş edib.
Spiker qeyd edib ki, parlamentin fəaliyyəti qanunvericilik işləri planı əsasında qurulur və həmin plan hər növbəti sessiyanın birinci iclasında qəbul olunur. O, növbəti – 16-cı məsələnin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında olduğunu söyləyib. Spiker deyib ki, qanunvericilik işləri planı 7 bənddən ibarətdir.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, deputatlar Jalə Əliyeva, Aydın Mirzəzadə, Hikmət Məmmədov çıxış edərək fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.
Çıxışlardan sonra Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.
Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqındadır. Məsələ ilə bağlı çıxışında spiker xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr etmişdi.
Milli Məclisin sədri qeyd edib ki, dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Ölkəmiz mürəkkəb xarakterli təhlükələrlə üzləşir, ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Bu səbəbdən də son dövrlər ideoloji təhlükəsizlik məsələləri xüsusi aktuallıq kəsb etməyə başlayıb.
Sahibə Qafarova bildirib ki, Azərbaycana qarşı məkrli siyasət aparanlar dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa çalışırlar. O, deyib ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları, saxta şüarlar ilə pərdələnir. Spiker diqqətə çatdırıb ki, bu baxımdan komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır.
Milli Məclisin sədri müvəqqəti komissiyanın yaradılması ilə bağlı parlamentin qərar layihəsinin deputatlara paylandığını, layihədə komissiyanın vəzifə və səlahiyyətlərinin, tərkibinin müəyyən edildiyini deyib.
Məsələnin müzakirəsində Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, komitə sədrləri Arzu Nağıyev, Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Ramid Namazov, Kamran Bayramov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev və Mübariz Qurbanlı çıxış ediblər.
Deputatlar vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn və tarixi ədalətin bərpasına, möhtəşəm qələbəmizə dostlarımız sevinsələr də, görünən odur ki, bizi istəməyən qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərini daha da artıraraq, məkrli fəaliyyətlərini hibrid təhdidlər formasında genişləndirəcəklər. Ona görə də biz qarşımızda duran bütün təhdid və çağırışlara hazır olmalıyıq. Millət vəkilləri parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılmasını dövlətimizin inkişafı və təhlükəsizliyi sahəsində möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən və müdrik siyasətə Milli Məclisin daimi dəstəyi baxımından mühüm bir addım kimi dəyərləndiriblər.
Müzakirələrin sonunda qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən, deputat Ramid Namazov müvəqqəti komissiyanın sədri seçilib.
Bununla da VII çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk plenar iclası başa çatıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin