Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 14,8 faizində biçin başa çatıb.
Artıq 149 240 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 417 761 ton arpa, 18 305 ton buğda yığılıb. Arpa sahələrinin 33,1 faizində, buğda sahələrinin isə 1 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,1 sentner, buğda üzrə isə 33,4 sentner təşkil edir.
Hazırda intensiv biçin prosesi əsasən Neftçala, Biləsuvar, Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Salyan, Samux rayonları ərazisində aparılır. Bu rayonlardan Neftçala, Ucar, Biləsuvar və Salyanda biçin səviyyəsi 40 faizi keçib.
İyunun 12-də respublika üzrə biçin prosesində 1230 kombayn iştirak edib. Bunlardan 716 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 514 kombayn cəlb edib.
“Aqroservis” ASC bu mövsüm taxıl biçininə 656 kombayn cəlb etməyi planlaşdırır. Ümumilikdə isə kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
“Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin