2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 7-də Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qobustan rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən biçin dövründə rayona əlavə dağ kombaynlarının ayrılması, gübrə və kənd təsərrüfatı texnikası ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulu başa çatdıqdan sonra nazir müavini Əkinçilik Elmi Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasına baş çəkib, toxum seleksiyasının vəziyyəti, təcrübəyə qoyulmuş arpa və buğda sortlarının əkinləri ilə tanış olub, stansiyanın rəhbərliyi ilə nümunəvi əkinçilik və torpaq becərmə sisteminin tətbiqi, yeni və daha yüksək məhsuldarlığa malik, xəstəliyə və ziyanvericilərə davamlı dənli bitki sortlarının yetişdirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb. Sarvan Cəfərov həmçinin müxtəlif təsərrüfatlarda məhsuldarlığın vəziyyəti, gəmiricilərə və alaq otlarına qarşı mübarizənin vəziyyəti ilə maraqlanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin