Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Tərtərdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov aprelin 6-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər və Goranboy rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, iş yerinin dəyişdirilməsi, heyvandarlıq təsərrüfatının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsinə köməklik, suvarmada yaranan çətinliklər və digər məsələləri ilə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.
Daha sonra şöbə müdiri İlham Süleymanov Tərtər rayonunda intensiv meyvə bağlarına baş çəkib. Bildirilib ki, istehsal olunan meyvələr əsasən xarici bazarlara ixrac edilsə də daxili bazarda da satışa çıxarılır.
Görüşdə meyvəçiliyin inkişafı, meyvə bağlarında düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin