Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Palitra" rəsm studiyasının 8 Mart beynəlxalq qadınlar günü münasibətilə "Xəyalımdakı mən" adlı sərgisinin açılış mərasimi keçirilib. "Palitra" rəsm studiyasının rəhbəri rəssam Nərmin Abdullayevanın qızlardan ibarət şagirdləri 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş sərgiyə hazırlaşarkən öz xəyallarındakı obrazları təsvir ediblər. Gənc rəssamlar öz portretlərini xəyallarındakı obrazda çəkərək rəngarəng və biri-birindən maraqlı rəsm əsərləri yaradıblar. Qızlar bu obrazlarda özlərini nağıllar aləmində, rəssamların əsərlərində, keçmişdə, gələcəkdə və s. təsvir etməklə qadınların həyatımızdakı rolunun nə qədər vacib olduğunu bir daha göstərmək istəyiblər. Qadınlar dünyanın bəzəyidir. Hər bir qız gələcəyin gözəl qadını, anası, müəllimi, həkimidir.
26 rəsm əsərlərindən ibarət olan sərgidə 11-20 yaşlı qızlar iştirak edib. Hər bir rəsmdə maraqlı detallar, fərqli düşüncələr və ən əsası gözəllik təsvir olunub.
Sərginin açılışın mərasimində Nəsimi rayonu icra hakimiyyətinin birinci müavini Gülarə xanım Verdiyeva, Bakı kitab mərkəzinin direktoru Günel xanım Anar qızı Rzayeva, Suraxanı rayonu icra hakimiyyətinin şöbə müdiri Sevinc xanım Ağayeva, Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla xanım Qəmbərova, bəstəkar Sevinc xanım Tofiq qızı, Nizami rayon Yeni Azərbaycan Partiyasının əməkdaşı Selcan xanım Novruzova və başqa qonaqlar iştirak ediblər. Mərkəzin direktoru Lalə xanım Qəti qonaqları salamlayaraq gənc rəssamları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sərgiyə baxış keçirildikdən sonra bədii hissədə mərkəzin digər dərnəkləri tədbirə şən əhval-ruhiyyə qataraq maraqlı çıxışlar ediblər. Rəssam Nərmin Abdullayevanın eskizləri əsasında hazırlanmış "Bahar çələngi" moda kolleksiyası "Çiçəyim" uşaq teatrının balaca aktyorları tərəfindən nümayiş olunub. Eləcə də mərkəzin bal rəqsləri və "Azəri inciləri" vokal qrupunun üzvləri maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Sərgidə iştirak edən qonaqlar rəssamları diplomlarla təltif edib, onları bu uğurlu sərgi ilə ürəkdən təbrik ediblər. Sonda xanım qonaqlara gül dəstələri və gənc rəssamların çəkdiyi xüsusi hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin