Qaradağlı soyqırımını törətməkdə təqsirli bilinən şəxslərin axtarışları davam etdirilir.
Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O bildirib ki. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılmış istintaqla müəyyən edilmişdir ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 67 nəfəri xüsusi amansızlıqla qəsdən öldürülüblər:
“Böyük kədər və təəssüf hisləri ilə vurğulayıram ki, azğınlaşmış düşmən qoca, qadın, hətta azyaşlı uşağa belə fərq qoymamış və qətlə yetirilən şəxslərin 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olan insanlar olmuşlar. Həmçinin işgəncəyə məruz qalmış 2 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulub, 49 nəfər isə girov götürülüb. Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb. Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıb. Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışları elan edilərək təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsinə göndərilib”.
Hazırda Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin nəzarətləri ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir və qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş hər bir şəxs mütləq layiqli cəzasını alacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin