https://innews.media/uploads/news/2026-08/_innews_6a8665adf3367ba2eb9f16265_o.jpg
Heydər Əliyev Mərkəzində Azərbaycan milli geyimlərinin tarixi, bədii xüsusiyyətləri və mədəni irsimizdəki əhəmiyyətinə həsr olunmuş “Azərbaycan milli geyimləri” mövzusunda təlim keçirilib.
Təlimdə “Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova iştirak edib. Tədbir zamanı A.Rüstəmbəyova fotoslaydların müşayiəti ilə Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan zəngin milli geyim kolleksiyası haqqında ətraflı təqdimatla çıxış edib.
Məruzə zamanı XIX–XX əsrlərdə Azərbaycanın ənənəvi kişi və qadın geyimlərinin əsas xüsusiyyətləri, onların hazırlanma texnologiyası, istifadə olunan parçalar, bəzək elementləri və geyimlərin cəmiyyətdə daşıdığı sosial-mədəni məna haqqında geniş məlumat verilib.
A.Rüstəmbəyova Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyim nümunələrinin forma, biçim, rəng çalarları və dekorativ xüsusiyyətləri baxımından fərqləndiyini diqqətə çatdırıb. O, Qarabağ, Şirvan, Bakı, Gəncə, Naxçıvan və digər bölgələrə aid geyim nümunələrinin özünəməxsus bədii xüsusiyyətlərini, eləcə də milli geyimlərin xalqımızın məişəti, adət-ənənələri və estetik zövqü ilə bağlılığını iştirakçıların diqqətinə çatdırıb.
Təqdimat zamanı Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda mühafizə olunan geyim nümunələrinin tarixi əhəmiyyəti, onların tədqiqi və qorunub saxlanılmasının vacibliyi barədə də məlumat verilib.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdim olunan mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Belə maarifləndirici tədbirlər Azərbaycanın zəngin qeyri-maddi mədəni irsinin, milli geyim ənənələrinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ən son xəbərləri səhifəmizdən də izləyin