https://innews.media/uploads/news/2024-01/_innews_2ea2e3377839fab4dd0d7a8b3_o.jpg
Bakı metropoliteni 2023-cü ildə
Bakı metropolitenində hərəkətin təhlükəsizliyi və sərnişindaşıma fəaliyyətinin çıxdaşsız yerinə yetirilməsi vaqon təsərrüfatının fəaliyyətinin düzgün qurulmasından çox asılıdır. 2023-cü il metropoliten xətlərində yeni nəsil qatarların sayının artması ilə əlamətdar olub. 2022-ci ilin sonlarında gətirilmiş 4 yeni nəsil qatardan 3-ü məhz hesabat dövründə sazlama və sınaq işlərindən sonra xəttə buraxılıb. Bununla Bakı metropolitenində yeni nəsil vaqonların sayı 115-ə, qatarların sayı isə 23-ə çatdırılıb. Gün ərzində Qırmızı və Yaşıl xətlərə 40-46 marşrut üzrə xətlərin verildiyini nəzərə alsaq, günün ərzində xətlərdə olan qatarların 40-50 faizi məhz yeni nəsilə mənsub hərəkət tərkibləri olur.
2023-cü ilin planına əsasən, 2 qatar modernizasiya olunmaqla orta təmir edilib. Daha bir qatarın təmirinə 2023-cü ilin son rübündə başlanılıb və yaxın vaxtlarda sazlama işləri başa çatmaqla xəttə buraxılacaq. Orta təmir zamanı modernizasiya işləri ilə əlaqədar 10-dan artıq yeni avadanlıq və sistemlər sayəsində qatar tərkiblərinin tam avtomatlaşdırılması təmin edilir. Bu mənada ən müasir qatarlarda quraşdırılan və elektrik aparatı, addım tipli impuls mühərriki, hava quruducusu ilə birlikdə mühərrik kompressor və inventoru, qapı pnevmatik hava sistemi, avtoqoşqu birləşməsi “Harting”xüsusi qeyd oluna bilər. Məhz bunlar sayəsində qatarların xətlərdə nasazlıq halları kəskin azaldılıb. Ən əsası, idarəetmə sistemi yeni nəsil qatarlardakı kimi tam avtomatlaşdırlır.
İl ərzində vaqonların mühüm təmir növlərindən sayılan cari və ya qaldırma təmiri də aparılıb. 3 saylı cari təmir 17 vaqonda aparılıb. Bu vaqonlardan 10-da həm də orta təmir qatarlarında olduğu kimi tam modernləşdirmə həyata keçirilib. İlin ən böyük uğurlarından biri qatarlarda yanğın təhlükəsizliyi ilə bağlı pilot layihənin uğurla tətbiq edilməsidir. İlk dəfə quraşdırılmış yanğın xəbərdaredici sistemi unikallığı ilə fərqlənir və metropolitendə qatarların yanğın təhlükəsizliyinin mümkün ən yüksək həddə çatdırılması deməkdir.
Hesabat dövründə qaçış məsafəsi normativlərinə uyğun olaraq, 40 vaqonda 2 saylı, 305 vaqonda 1 saylı cari təmir işləri yerinə yetirilib. Bu seriyadan olan vaqonlara il ərzində 4130 dəfə texniki baxış keçirilib. Yeni nəsil - 81-760/761/763 və 81-765/766 seriyalı vaqonların 1 saylı qaldırma depo təmirinə il ərzində zərurət olmayıb. Lakin 75 vaqonda 1 saylı, 40 vaqonda isə 2 saylı dövri təmir işləri aparılıb. Ümumilikdə, bu tip vaqonlara 385 dəfə texniki baxış keçirilib.
Hesabat ilində depo şəraitində əmək və təmir imkanlarının yaxşılaşdırılması baxımından da əlamətdar olub. İlk növbədə, 12-20 saat ərzində xətdə hərəkət edən qatarların müntəzəm olaraq depoya qaytarılması və normativlərə uyun baxışın keçirilməsi diqqət mərkəzində saxlanılıb. Son illərdə xətlərdə qatarların hərəkət intensivliyinin artması, depoya giriş-çıxışların sayının artmasına səbəb olub. Bu səbəbdən baxış-qulluq sahələrinin (qanovların) yenidən qurulması da günün tələbinə çevrilib. Eyni zamanda 1967-ci ildən istismarda olan elektrik deposunun dövrün standartlarına uyğunlaşdırılması, müasir texnoloji yeniliklərin nəzərə alınması da vacibdir. Bu mənada 2023-cü ildə 5 təmir-baxış sahəsinin əsaslı təmir olunaraq yenidən qurulması xüsusi qeyd olunmalıdır. Bununla depoda olan 30 təmir-baxış sahəsindən tən yarısı əsaslı modernləşdirilib. Ən əsası, müvafiq qaydada dərinliyin təmin edilməsi qatarların əlavə manevr işi görülmədən yerində qulluq və xidmətinin təşkilini daha da sürətləndirməklə bu problemləri əsasən, aradan qaldırıb. Ekoloji tələblərə uyğun kommunikasiya sistemlərinin qurulması, elektrik təchizatı və işıqlandırma, həmçinin qatarların qəbulu və yola salınması üçün istifadə olunan kommutasiya sistemləri ən müasir tələblər səviyyəsində qurulub.
Ötən il 6 hidravlik qurğu quraşdırılıb. Bununla da yeni tipli vaqonların baxışı və qulluğu daha da yüksəldiləcək. 81.717-714 seriyalı vaqonların qidalanma sistemi üçün 220 helium tipli akkumulyator batareyası alınaraq quraşdırılıb. Depoda yeni nəsil qatarların təmiri məqsədilə mövcud infrastruktur daxilində yeni sahənin yaradılmasına başlanılıb. İl ərzində ehtiyacları ödəmək üçün 10 təkər cütü, yeni nəsil vaqonların kondisionerlərinin süzgəclərini hazırlamaq üçün avadanlıq alınıb. Ümumən depo şəraitində qatarların kondisioner sisteminə baxış-qulluq və təmiri yerinə yetirən peşəkar qrup formalaşdırılmaqla, müvafiq sahə də yaradılıb. Burada əmək şəraiti və texniki təhlükəsizliyi təmin edən bütün infrastruktur qurulub.
Ən son xəbərləri səhifəmizdən də izləyin