logo
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə 12 məsələnin daxil edildiyini, onlardan 11-nin ikinci oxunuşda təqdim edilən 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

Komitə sədri bildirib ki, ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkə iqtisadiyyatının gücləndirilməsində mühüm mərhələ olub. Həmin dövrdə Azərbaycanda sənayeləşmə prosesinin başlaması, əmək məhsuldarlığının artması, Xəzər dənizində yeni neft resurslarının kəşf edilməsi ölkənin iqtisadi inkişafında önəmli rol oynayıb və müstəqilliyimizin bərpa edilməsi üçün zəmin yaradıb. O, 35 il əvvəl, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının milli azadlıq hərəkatına başlayaraq, dövlətimizə qarşı olan haqsızlıqlara layiqli cavab verdiyini və bu günün Milli Dirçəliş Günü kimi qeyd edildiyini deyərək, bu münasibətlə öz təbriklərini çatdırıb.

Sonra Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, 2024-cü ilin dövlət büdcəsi və büdcəyə daxil olan qanun layihələri barədə birinci oxunuşda ətraflı məlumat verildiyini söyləyib. Qeyd edib ki, 2024-cü ilin büdcəsində gəlirlərin 282 milyon manat, xərclərin isə 138 milyon manat artırılması planlaşdırılır. Komitə sədri ölkədə məşğulluğun və iqtisadi fəallığın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, iqtisadiyyatın inkişafında mühüm əhəmiyyətə malik olan özəl sektorun genişləndirilməsi, investisiyaların, kredit qoyuluşlarının artırılması ilə bağlı Milli Məclisdə bir sıra qanun layihələrinin müzakirə edildiyini bildirib.

Sonra iclasda maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək, 2024-cü il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin təklif olunan gəlir və xərcləri barədə məlumat verib. O, diqqətə çatdırıb ki, növbəti ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Xərclərin 93 %-nin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına, 7 %-nin və ya 2 milyard 590 milyon manatının dövlət büdcəsi kəsirinin maliyyələşməsi hesabına həyata keçirilməsi planlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 49,8 %-i qeyri-neft sektorunun, 50,2 %-i isə neft sektorunun gəlirləri hesabına formalaşacaq.

Bildirilib ki, növbəti ilin büdcə xərclərinin 51,2 %-i və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramları və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Belə ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı üzrə 4 milyard manat məbləğində, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün 1,5  milyard manat məbləğində və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 249 milyon manat məbləğində vəsaitin yönəldilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsinin əsas istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə 2024-cü ildə 15 milyard 773 milyon manat vəsait ayrılacaq. Məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 286 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 355 milyon manat vəsait nəzərdə tutulub. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrində xərclərin artırılması da proqnozlaşdırılır.

Nazir müavini diqqətə çatdırıb ki, 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 % səviyyəsində planlaşdırılır. Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Sonra iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov növbəti ilin büdcə layihəsi barədə danışıb. O, bildirib ki, İqtisadiyyat Nazirliyi proqnozları 3 ssenaridə – baza, pessimist və optimal ssenarilər üzrə hazırlayıb. 2024-cü ildə ÜDM 118 milyard 383 milyon manat proqnozlaşdırılır və real artım 2,4 % təşkil edir. Neft-qaz sektorunda 1,7 % azalma, qeyri-neft sektorunda 4,6 % artım proqnozlaşdırılır. ÜDM-in kənd təsərrüfatı üzrə 4,6 %, qeyri-neft/qaz sənayesində 8,5 %, tikinti sahəsində 2,4 %, ticarətdə 3 %, turizm sahəsində 15,8 %, nəqliyyat sektorunda 4,5 %, informasiya və rabitə sahəsində 9,5 %, sosial və digər xidmətlər üzrə 3 % artımı proqnozlaşdırılır.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcə zərfinə daxil olan qanun layihələri barədə məlumat verib. O, diqqətə çatdırıb ki, 2024-cü il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 651,9 milyon manat artırılması planlaşdırılır. O, Fondun gəlirlərinin və xərclərinin eyni istiqamətdə artmasının növbəti ildə yaradılacaq iş yerlərinin və orta aylıq əməkhaqqının artım dinamikasına uyğun olduğunu qeyd edib.

Komitə sədri, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin və xərclərinin 7,5 milyon manat artırılmasının planlaşdırıldığını deyərək, ölkədə məşğulluğun artması ilə bağlı tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışıb.

Büdcə zərfinə daxil olan digər sənədlərə əsasən, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanun layihəsində növbəti il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün  287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

İclasda Tahir Mirkişili Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə dair məlumatında söyləyib ki,  sənəddə 71 əsas maddə və 201 alt-maddə üzrə dəyişikliklərin edilməsi nəzərdə tutulur. O, bu  dəyişikliklərin əsas istiqamətlərinin güzəşt və azadolmalar, habelə inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı olduğunu deyib.

Deputatlar büdcə zərfinə daxil olan digər qanun layihələrini də nəzərdən keçirərək, bu sənədlərdə təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.

Təqdim olunan qanun layihələri ətrafında keçirilən müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Vahid Əhmədov fikir və qeydlərini açıqlayıblar.

Maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinin müdiri Yuliya Pasternak, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev millət vəkillərinin suallarını cavablandırıblar, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda gündəliyin 11 məsələsi - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun  2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında”, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili gündəliyin 12-ci məsələsi olan “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.

Bildirilib ki, sənəd maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Elnur Allahverdiyev, İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ağalar Vəliyev, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media