https://innews.media/uploads/news/2023-11/_innews_f8a3af332851ff5055ff8ce8e_o.jpg
Ağdaş rayon Qoşaqovaq kəndi. Bir çox insan "Qoşaqovaq" sözünü indiyədək eşitməyib. Qoşaqovaq Azərbaycanın dilbər guşələrindən biri olan Ağdaş rayonunun kəndidir. Bu kəndin girişində qoşa qovaq ağacları olduğundan kəndin adı da Qoşaqovaq adlandırılmışdır.
Kənddə cəmi bir orta məktəb var və sözügedən məktəb heç də böyük, əzəmətli deyil. Ancaq məktəbin şagird və müəllim heyəti öz bacarıqları ilə kifayət qədər şöhrət qazanmışdır.
Bu kiçik məktəb daim keçirdiyi tədbirləri ilə tarixə nəzər salmış, gələcəyə səfər etmişdir. Belə tədbirlərdən biri də şanlı Azərbaycan ordusunun 10 noyabr tarixində qazandığı böyük zəfərə həsr olunub. Tədbirdə iştirak edən şagirdlər öz çıxışları ilə sözün əsl mənasında bizi tarixin o çətin günlərinə apardılar, o dövrləri bizə yenidən xatırlatdılar.
Məktəbə yenicə qədəm qoyan 1-ci sinif şəgirdlərinin çöhrəsində zəfərin, qalibiyyətin sevincini görmək olur. Onlar öz qəhrəmanları – igid ərənləri ilə qürur duyur. Axı onların qəhrəmanlarının hər biri haqq söyləyən vətənin haqqını qoruyan övladlarıdır.
Tədbirdə vətənə həsr olunan bir çox mahnılar oxundu. Mahnılar bizə Yusifzadə Xudayarın nəfəsindən, Qasımlı Muxtarın düzgün əqidəsindən, Həşimov Poladın məğrur baxışından, Dövlətzadə Cəbrayılın namusundan və digər mərd oğullarımızın qeyrətindən danışdı.
Tədbirdə "Övladım gəlsin toy edəcəm" deyən, şəhidlərin ölməzliyinə inanan qəhrəman analardan, oğlunun tabutunu bayrağa büküb onunla birlikdə məzara girən mərd atalardan danışıldı. Kəfən yerinə qardaşını bayrağa bükən bacıdan, nişan üzüyünü şəhidin barmağına taxıb cavankən qocalan yoldaşından danışıldı. Atasının şəhid xəbərini gülərək qarşılayan körpədən, və "bütün bunların sonu xeyir olsun!" deyib dua edən millətin böyüklüyündən danışıldı... Əlbəttə, bu xalq haqqında danışılası çox qürurlu məqamlar var. Bu xalq Haqq savaşında bir olmağı – Dəmir Yumruğa çevrilməyi bacardı.
Qoşaqovaq kənd tam orta məktəbində keçirilən Zəfər tədbiri hələ uzun illər yaddaşlarda qalacaq. Bu isə bizə burada təhsil alan şagirdlərin bacarığından və məktəb heyətinin peşəkarlığından və onların milli ruhundan əbədi xəbər verəcək.
Maarif Məmmədli, BDU Jurnalistika fakültəsinin tələbəsi

Ən son xəbərləri səhifəmizdən də izləyin