https://innews.media/uploads/news/2023-10/_innews_c4a6979e8a7182e6e4891d917_o.jpg
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandası Azərbaycandilli Vikipediyanin zənginləşməsinə əhəmiyyətli töhfələr verir
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası müasir dünyanın çağırışlarına müvafiq olaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edən rəqəmsal transformasiyaların tətbiqinə öz dəstəyini verir.
AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə cari ilin mart ayında AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda “Elektron Akademiya” şöbəsi yaradılmışdır.
Vikipediya açıq ensiklopediyası üzrə işlərin təşkili ilə bağlı tədbirlərin görülməsi “Elektron Akademiya” şöbəsinin əsas priorotetlərindən biri kimi müəyyənləşmişdir. AMEA və onun institutlarının zəngin elmi mənbələrə malik olması, yeni kitabların, monoqrafiyaların meydana çıxması onların həm Vikipediyada məqalələrin yaradılmasında, həm də məqalələrdəki istinadlarda istifadə olunması baxımından faydalı mənbələrdir. AMEA-nın elmi müəssisə və təşkilatlarının viki-mühitin Azərbaycanla bağlı zəruri məlumatlarla zənginləşdirilməsində, onların qorunması və inkişafında fəal iştirakının təmin olunması məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipedia” layihələri üzrə zəruri biliklərin əldə olunmasına dair təlimlər keçirilmiş, Akademiya institutlarının əməkdaşları bu təlimlərə cəlb olunmuşdur.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı da Vikipediya ilə bağlı təlimlərdə yaxından iştirak etmiş və institutun təlimi yüksək səviyyədə başa çatdıran 6 nəfərdən ibarət Vikipediya komandası formalaşmışdır.
Bu komanda hazırda Vikipediyada ədəbiyyat, ədəbiyyatşünaslıqla bağlı məqalələrin yerləşdirilməsi istiqamətində səylə çalışır. Mart ayından bu günədək komanda tərəfindən Vikipediyada zəngin istinadlara malik 80-dən çox azərbaycandilli məqalə yaradılmışdır.
İnstitutun Vikipediya komandası Azərbaycan dilində fəaliyyət göstərən Vikipediya platformasında Azərbaycan ədəbiyyatı ilə bağlı tam redaktə olunmamış məqalələrin redaktəsinin həyata keçirilməsi və onların zənginləşdirilməsi, institutun Vikipediyadakı səhifəsinin təkmilləşdirilməsi, Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnallarının səhifələrinin yaradılması, eləcə də institutda çap olunan ensiklopedik xarakterli nəşrlər haqqında məqalələrin yerləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür.
Vikipediya komandası, həmçinin görkəmli Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarın irsi, əsərləri ilə bağlı ayrı-ayrı məqalələrin yaradılması, eləcə də dünya və uşaq ədəbiyyatı nümunələri, İraq-türkman ədəbiyyatı, folkloru, türkmən şairi Məhtimqulu Fəraqinin ilk dəfə Bakıda tapılmış Divanı ilə bağlı məqalənin hazırlanması işlərini həyata keçirmişdir. Qeyd etmək yerinə düşər ki, Vikipediyaya yerləşdirilən bu məqalələrlə bağlı İraq-Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük” qəzetində də məqalə dərc olunmuşdur.
Bundan başqa, komanda Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı Vikipediyada yaradılmış səhifələrdəki yol verilmiş təhriflərin aradan qaldırılması istiqamətində də səylə çalışmışdır. Belə ki, fars şairi və yazıçıları kimi təqdim olunmuş Azərbaycan şair və yazıçılarının səhifələrini yeni mənbə-istinadlarla zənginləşdirməklə bu təhriflərin aradan qaldırılmasına nail olmuşlar. Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı səhifələr üzərində işlərin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ədəbiyyat İnstitutunun Vikipediya komandasının növbəti mərhələdə əsas hədəfi ölkə ədəbiyyatı ilə bağlı Vikipediyada yaradılmış məqalələrin təkcə Azərbaycan dilinə deyil, rus və ingilis dillərinə də tərcüməsini həyata keçirməkdən ibarətdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin